Putin və Zelenski ilə gizli diplomatiya? – Ekspertdən sülhlə bağlı mühüm AÇIQLAMA
“Stiv Uitkoff və Kuşnerin əvvəlcə Moskvada Vladimir Putin, dərhal ardından isə Kiyevdə Volodimir Zelenski ilə görüşməsi Rusiya-Ukrayna müharibəsində diplomatik kanalların yenidən hərəkətə keçdiyinə işarə edir”.
Bunu Redaktor.az-a beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz deyib.
Onun sözlərinə görə, bu təmasları “sülh çox yaxındır” kimi qiymətləndirmək hələ tezdir:
“Daha doğru ifadə etsək, sülhün özündən əvvəl, sülhü mümkün edə biləcək diplomatik zəminin yenidən qurulmağa çalışıldığı bir mərhələdəyik”.
Ekspert bildirdi ki, müharibənin əsas düyün nöqtələri hələ də qalır. Onun sözlərinə görə, ərazi məsələsi, Ukraynanın gələcək təhlükəsizlik təminatları, Rusiyanın tələbləri, sanksiyalar və müharibədən sonra Avropada təhlükəsizlik arxitekturasının necə formalaşacağı ilə bağlı ciddi fikir ayrılıqları davam edir.
Cingöz qeyd etdi ki, bir neçə yüksək səviyyəli görüşün keçirilməsi müharibəni başa çatdırmaq üçün kifayət etməyə bilər. Bununla belə, Vaşinqtonun eyni nümayəndələri qısa müddətdə həm Moskvaya, həm də Kiyevə göndərməsi mühüm mesajdır.
“Bu vəziyyət göstərir ki, hərbi mübarizə ilə yanaşı, artıq müharibənin hansı şərtlərlə başa çatdırıla biləcəyi sualı da daha ciddi şəkildə müzakirə olunmağa başlayıb”, - deyə o vurğulayıb.
Ekspert Türkiyənin də prosesdə mühüm rol oynaya biləcəyini bildirdi. Onun fikrincə, Moskva və Kiyevlə birbaşa danışa bilən Ankara Qara dəniz təhlükəsizliyindəki mövqeyi, İstanbul danışıqları, taxıl dəhlizi və əsir mübadiləsi təcrübəsi ilə növbəti mərhələdə vasitəçilik imkanlarına malikdir.
Cingözün sözlərinə görə, Azərbaycan üçün isə əsas prinsip dəyişməz olaraq qalır:
“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət. Bakının Ukrayna məsələsində bu günə qədər qoruduğu bu mövqe göstərir ki, mümkün sülh nizamı da yalnız münaqişələri dayandıran deyil, gələcəkdə yeni müharibələrin qarşısını alacaq hüquqi əsaslara söykənməlidir”.
O əlavə etdi ki, Rusiya-Ukrayna müharibəsinin başa çatması Qara dəniz-Xəzər xəttinin təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, enerji və ticarət yollarının sabitliyi baxımından türk dünyası üçün də mühüm əhəmiyyət daşıyır.
Ekspert yekunda bildirdi ki, hazırda “sülh gəldi” demək mümkün deyil:
“Lakin diplomatiyanın yenidən müharibənin önünə keçməyə çalışdığı yeni bir dövrə daxil olduğumuzu söyləmək olar. Əsas müəyyənedici amil görüşlərin sayı deyil, Moskva və Kiyevin əsas mövqelərində qarşılıqlı və davamlı yumşalmanın başlayıb-başlamayacağıdır. Sülhün əsl göstəricisi diplomatik fotolar deyil, cəbhədə silahların susması olacaq”.
Xədicə BAXIŞLI













