"Putinin bu zəngindən sonra artıq o mərhələ tam qapanmış oldu" - Deputatdan AÇIQLAMA

 16:51 08.09.2026     1271

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Redaktor.az-a liderlərin telefon danışığını şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri cənab İlham Əliyevə zəng etməsi və ikitərəfli, qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etməsi son dövrlərdə öz məcrasına qayıtmaqda olan Rusiya-Azərbaycan münasibətlərində yeni bir səhifə kimi qiymətləndirilə bilər:

"Çünki 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya səmalarında vurulmasından sonra biz bu münasibətlərin mərhələ-mərhələ öz köhnə məcrasına qayıtdığına şahidlik etdik. Mənə elə gəlir ki, bu zəngdən sonra artıq o mərhələ tam qapanmış oldu. Doğrudur, Rusiya Azərbaycanın böyük qonşusudur və Azərbaycanla dərin ticarət əlaqələri var, iqtisadi əlaqələri var. Rusiyanın regionlarının Azərbaycan regionları ilə, Bakı şəhəri ilə çox sıx iqtisadi əlaqələri var. Bütün bu əlaqələr də nəticə etibarilə Azərbaycanın iqtisadi maraqlarına xidmət edir, xalqımızın rifahına xidmət edir".

Millət vəkili düşünür ki, bu zəng həm də nəhayət Azərbaycanın 2023-cü ildə lokal antiterror əməliyyatından sonra yaratdığı yeni reallığın Rusiya tərəfindən artıq qəbul edilməsidir:

"Çünki Rusiya özü üçün qərar verməli idi: ya bu reallığı qəbul edir, ya da bu reallığa qarşı siyasi strategiya müəyyənləşdirir. Mənə elə gəlir ki, bu reallığa həm də hazırda Cənubi Qafqazın ümumi reallığı daxildir. TRIPP və Trans-Xəzər marşrutları da daxildir ki, Rusiya artıq, görünür, bu prosesdə tərəfdaş kimi iştirak etmək qərarına gəlib. Mən düşünürəm ki, bu, yaxşı haldır. Ona görə də hər şeydən öncə, məncə, bu, Azərbaycanın böyük uğuru kimi qiymətləndirilməlidir".

Aytəkin TOİFQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən