Vaşinqton bu müharibəni İSTƏMİRDİ: İsrail təhrik etdi, ABŞ çıxılmaz vəziyyətə düşdü
"Amerika Birləşmiş Ştatları genişmiqyaslı eskalasiyada maraqlı deyil və İsrailin təhriki ilə İran arasında baş verən müharibə Birləşmiş Ştatlar üçün az qala çıxılmaz vəziyyət yaradıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ABŞ-İran müharibəsinin yenidən alovlanma ehtimalından danışarkən bildirdi.
O vurğuladı ki, hədəflərə nail olunmaması Birləşmiş Ştatlarda aralıq seçkiləri ərəfəsində demokratların Tramp üzərinə təzyiqlərini artırır və respublikaçıların əks-arqument irəli sürməsi üçün yeni arqumentlərə ehtiyac yaranır:
"Ona görə də Birləşmiş Ştatlar İranın güzəştlərə getməsinə çalışır. Müharibə yolu ilə əldə olunmayan nəticələr danışıqlar prosesi, hazırkı mərhələdə isə hərbi təzyiqlər və eyni zamanda iqtisadi sanksiyaların gücləndirilməsi ilə əldə olunmağa çalışılır. Amma görünən odur ki, İran güzəştlərə getmək niyyətində deyil. Təbii ki, indiki ərəfədə, yəni aralıq seçkiləri ərəfəsində Birləşmiş Ştatlarla İran arasında genişmiqyaslı eskalasiyanın baş verməsi Birləşmiş Ştatların maraqlarına cavab vermir. Çünki vəziyyət qeyri-müəyyəndir və eyni zamanda çoxtərəfli xarakter alıb. Burada Rusiya və Çin faktoru da var. Ona görə də biz Birləşmiş Ştatların zərbə endirdiyi hədəflərə baxsaq, bunu özümüz üçün aydınlaşdıra bilərik. Birləşmiş Ştatlar İranın bütün, xüsusilə iqtisadi əhəmiyyət daşıyan infrastrukturlarına ciddi zərər vurmur. Xüsusilə Xark adası birbaşa hədəf alınmır.
Əgər Xark adası hədəf alınsa, bu, təbii ki, bölgədə geri dönüşü mümkün olmayan, daha ciddi və xaotik mənzərənin əsasını qoya bilər. Eyni zamanda Birləşmiş Ştatların bölgədəki hərbi bazaları İran tərəfindən davamlı zərbələrə məruz qala bilər. Təbii ki, Birləşmiş Ştatlar buna görə də belə bir riskə getmir. Amma Hörmüz boğazı ilə bağlı daha çox Hörmüzə nəzarət imkanları verən, İranın Hörmüzdəki adalarında yerləşən hərbi obyektlərə zərbələr endirilir. Eyni zamanda İranla əlaqəsi olan ticarət gəmiləri də hədəf alınır".
Zülfüqaroğlu nəzərə çatdırdı ki, əsas anlaşılmaz məsələ Hörmüzlə bağlıdır:
"İslamabad memorandumunda İranın bütün şərtləri Birləşmiş Ştatlar tərəfindən qəbul olundu. Hörmüzlə bağlı həmin anlaşma memorandumunda yer alan bənddə İranın Hörmüzə daxil olan və Hörmüzdən çıxan ticarət gəmilərinin təhlükəsizliyinə zəmanət verməsi ifadəsi həm Birləşmiş Ştatlar, həm də İran tərəfindən öz maraqları kontekstində şərh olunur. İran bəyan edir ki, yalnız onun müəyyənləşdirdiyi marşrut istiqamətində gəmilər hərəkət etməlidir. Təbii ki, bu da İrana siyasi üstünlük qazandırır və sonrakı perspektivdə Hörmüzlə bağlı yeni qaydaların müəyyənləşməsi üçün zəmin formalaşdırır. Ona görə də bu, Birləşmiş Ştatlar üçün heç bir halda qəbulolunmazdır. Bu baxımdan hesab edirəm ki, hazırda İranla Birləşmiş Ştatlar arasında əsas problem Hörmüzlə bağlı yaranmış vəziyyətdir. Təbii ki, yaxın perspektivdə bu məsələnin həll olunma ehtimalı çox aşağıdır".
NURİYYƏ













