“Putin bir addım belə geri çəkilməyəcək” – Trampın planı sual altına düşdü

 20:40 10.09.2026     444

“ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin görüşü yenidən gündəmə gəlib. Burada məqsəd və əsas məsələ sadəcə ABŞ-Rusiya münasibətləri deyil, Ukrayna müharibəsinin dayandırılması üçün yeni diplomatik mərhələ yaratmaqdır".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Çingiz Şahbazi bildirdi.

Onun sözlərinə görə, Tramp sentyabrın 2-də bildirib ki, Putinlə növbəti görüşü Ukrayna müharibəsi başa çatmağa yaxınlaşanda və real sülh sazişi üçün şərait yarananda keçirmək istəyir.

"Bundan sonra ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvada Putinlə görüşüblər və daha sonra Kiyevdə Zelenski ilə danışıqlar aparıblar. Sentyabrın 8-də isə Tramp və Putin təxminən bir saat telefonla danışıblar. Kreml bunu konstruktiv söhbət kimi təqdim edib. Görünən isə odur ki, Tramp bütün vasitələrdən istifadə edir ki, müharibə dayansın və bu istiqamətdə razılaşma əldə olunsun. O bildirib ki, Prezident Putin də onunla həmfikirdir. O da müharibəni bitirmək və razılaşma əldə etmək istəyir və həmçinin əlavə edib ki, əsas razılaşmanın ABŞ və Rusiya arasında olması lazımdır. Əks halda, bu mümkün görünmür. Daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskini də prosesə qoşmaq lazımdır. Hazırda isə ABŞ Rusiya ilə çərçivə razılaşması əldə etməyə çalışır və daha sonra bunu Ukrayna ilə razılaşdırmağa başlayacaq. Hətta daha sonra üçtərəfli – Tramp, Putin, Zelenski formatının mümkünlüyünü diqqət mərkəzinə gətirib. Bütün bunlara rəğmən, Putin əvvəlki tələblərindən bir addım belə geri çəkilmək niyyətində deyil”.

Çingiz Şahbazi qeyd etdi ki, Trampın görüş keçirmək istəyi və bu istiqamətdə digər cəhdləri olsa da, bütün bu səylərin nəticə verməsi üçün tərəflərin mövqeləri hələ də kifayət qədər kritik həddədir:

“Bundan başqa, Tramp Putinin razılaşma əldə etmək istədiyini düşünür, lakin ABŞ, Ukrayna və Avropa kəşfiyyat dairələrində Putinin həqiqətən müharibəni bitirmək istəyib-istəmədiyinə dair ciddi şübhələr hələ də var. Həmçinin tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur və bu hal diplomatik irəliləyişə imkan vermir. Bu baxımdan, Moskva və Kiyev arasında hələ də böyük uçurum davam edir və bu səbəbdən Trampın cəhdlərinin heç bir nəticəsi olmayacaq. Bu baxımdan, iki ölkə arasında ciddi kompromis olmazsa, ərazi iddiaları və digər məsələlər ətrafında razılıq əldə olunmazsa, bu mərhələnin də nəticələri əvvəlki mərhələlərdə olduğu kimi sona çatacaq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən