Trampın "çox istedadlı" dediyi Vens ABŞ-nin növbəti prezidenti olacaq?

 17:57 11.09.2026     436

ABŞ-də Respublikaçıların Milli Konqresi zamanı keçirilən qapalı görüşdə iştirakçılar vitse-prezident Cey Di Vensi dəstəklədiklərini bildiriblər və onu faktiki olaraq növbəti prezident elan ediblər. Mənbələrə görə, siyasətçinin çıxışı zamanı auditoriya "48" rəqəmini qışqırmağa başlayıb. Bu, Vensin 2028-ci il seçkilərində uğur qazanacağı təqdirdə 48-ci prezident olacağına işarədir. 

Maraqlıdır, bəs Vensin yeni prezident olma ehtimalı nə dərəcədə realdır?

Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə düşünür ki, baş verənləri Respublikaçılar Partiyasının daxilində Vensin 2028-ci il üçün nə qədər ciddi namizəd kimi qəbul edildiyinin göstəricisi kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, prinsipcə Vensin 2028-ci ildə ABŞ prezidentliyinə namizədliyi kifayət qədər real ehtimaldır:

"Lakin bu, hələ onun mütləq seçiləcəyi anlamına gəlmir. Başqa sözlə, Respublikaçılar Partiyasının son qurultayında onun çıxışı zamanı auditoriyanın “48” şüarını səsləndirməsi Vensin partiyanın gələcək lideri kimi qəbulunun gücləndiyini göstərən mühüm siyasi siqnal olsa da, indiki mərhələdə bu, daha çox siyasi atmosferin göstəricisidir, seçki nəticəsinin proqnozu deyil. Vensin əsas üstünlüyü ondan ibarətdir ki, o, ABŞ Prezidenti Donald Trampın siyasi irsinin içərisindən gəlir və elektorat üçün yad fiqur deyil. Eyni zamanda, 42 yaşında olması ona Respublikaçılar Partiyasının uzunmüddətli gələcəyi baxımından ciddi üstünlük verir. Son çıxışında Vens populist və milli-konservativ ritorikanı ailə, din və gələcək nəsillər kimi mövzularla birləşdirərək öz siyasi profilini Trampdan müəyyən qədər fərqləndirməyə çalışdı. Nəticədə, bu çıxış onun 2028-ci il üçün mümkün namizədliyini daha da ön plana çıxardı".

Siyasi şərhçi vurğuladı ki, digər mühüm faktor Donald Trampın münasibətidir:

"Respublikaçılar daxilində Trampın təsiri hələ də son dərəcə böyükdür və onun hansı namizədi dəstəkləyəcəyi 2028-ci il ilkin seçkilərinin dinamikasına ciddi təsir göstərə bilər. Hazırda Tramp Vensi açıq şəkildə öz varisi elan etməyib, lakin son çıxışından sonra onun vitse-prezidentini “çox istedadlı” siyasətçi kimi qiymətləndirməsi Vens üçün müsbət siqnaldır. Bununla belə, Vensin qarşısında ciddi rəqiblər də var. Dövlət katibi Marko Rubio, senator Ted Kruz və Florida qubernatoru Ron DeSantis kimi siyasətçilərin adları 2028-ci il üçün potensial namizədlər sırasında çəkilir. Xüsusilə Rubio Vensə alternativ olaraq Respublikaçı elektoratın daha ənənəvi qanadını birləşdirə bilər. Nəticə etibarilə, Vensi hazırda Respublikaçıların 2028-ci il prezidentliyə namizədliyi uğrunda mübarizənin əsas favoritlərindən biri hesab etmək mümkündür. Lakin onun Ağ Evə gedən yolu hələ açıq deyil. 2026-cı il aralıq seçkilərinin nəticələri, Trampın gələcəkdə hansı namizədi dəstəkləyəcəyi, iqtisadi vəziyyət və Vensin öz siyasi xəttini nə dərəcədə uğurla formalaşdıracağı həlledici olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən