“Ağ Ev Zelenskiyə təzyiqləri artıraraq istəyinə nail olmağa çalışır” - Politoloq

 21:19 11.09.2026     540

“ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında iki gün öncə baş tutan bir saatlıq telefon danışığında liderlərin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrinin nizamlanmasını müzakirə etdiyi deyilir. Xüsusən də Ukrayna diqqət mərkəzində olub”.

Bunu Redaktor.az-a Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüş ehtimalından danışan politoloq Əli Orucov bildirdi. O vurğuladı ki, liderlərin təmaslarından öncə xüsusi nümayəndələr Stiv Uitkoff və Caref Kuşnerin Moskvaya və Kiyevə səfərləri olub və hər iki ölkə prezidentləri ilə görüşləri baş tutub:

“Məlum olan odur ki, Ağ Ev Zelenskiyə təzyiqləri artıraraq istəyinə nail olmağa çalışır. Təklif olunan həldə fundamental şərtlər demək olar dəyişməz qalıb. Ukraynanın Krımı və Donbası bütünlükdə Rusiyaya güzəştə getməsi, cəbhə boyu ərazilərdə müştərəkliyin tətbiq edilməsi, NATO üzvlüyünün tam gündəlikdən çıxarılması, Ukraynanın etibarlı təhlükəsizliyinə təminat verilməməsi, rus dilinin dövlət dili səviyyəsində tanınması - bütün bu təkliflər əslində Kremli tam qane edir. Təkcə sülhməramlı kontingentin bufer zonaya yerləşdirilməsindən başqa. Mən zənn etmirəm ki, Qərbi kənarda tutmaqla Tramp Putinlə hansısa əlverişli sövdələşməyə uğur qazana bilsin. Çünki Qərbin mənafeləri və təhlükəsizliyi, həmçinin Ukraynanın ərazi məsələsi qırmızı xətt sayılır. Trampın məqsədlərindən biri də ondan ibarətdir ki, aralıq seçkilərdə hansısa arqument və ya təbliğat üçün vasitə qazansın. Putinə də belə bir üstünlük lazımdır ki, seçkiqabağı əksini gücləndirsin. Ona görə liderlərin görüşərək bir-birlərinə dəstək vermələrinə zərurət yaranıb”.

Politoloq nəzərə çatdırdı ki, onlar bir-birlərinə lazımdırlar:

“Təsadüfi deyil ki, Tramp Zelenskiyə sentyabrın sonunadək razılaşmaya “hə” demək üçün vaxt verib və təhdid və şantajlarını artırıb. Ancaq bunun bir işə yarayacağını düşünmürəm. Planlaşdırılan Putin-Tramp görüşü daha çox hər iki prezidentin şəxsi maraq və reytinqləri baxımından önəm kəsb edir. Noyabrda Çin, Rusiya və Birləşmiş Ştatlar prezidentlərinin Çində görüşü artıq dəqiqləşib. Həmin görüşdən əvvəl isə Moskva-Vaşinqton təmasları həm də mövqelərin yenidən öyrənilməsi və təftişi ola bilər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən