“Diplomatlar Qarabağda kimin kim olduğunu görürlər” - Hikmət Babaoğlu

 15:01 14.09.2026     514

Bildiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa və Şərqi Zəngəzura səfər ediblər. Onlar səfər çərçivəsində  işğaldan azad edilmiş ərazilərə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olublar.

Diplomatların regionda aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olması Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə və ölkəmizin işğaldan azad edilmiş ərazilərlə bağlı reallıqlarının dünyaya çatdırılmasına hansı nəticələri verə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, ölkəmizə akkreditə olunmuş ayrı-ayrı ölkələrin diplomatlarının və beynəlxalq təşkilatların rəsmilərinin işğaldan azad olunmuş ərazilərimizə səfər etmələri bir ənənə halını alıb və bu, ən yüksək səviyyədə təşkil olunan səfərlərdən biri idi:

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin burada birdən çox məqsədi var:

"Birincisi, biz hələ də izləri qalan erməni vandalizmini xarici diplomatların diqqətinə təqdim edirik, onları nəyin baş verdiyi ilə bağlı aydın şəkildə məlumatlandırırıq.

İkincisi, belə səfərlər zamanı Qarabağda necə böyük quruculuq işlərinin getdiyini, biz bu torpaqların əsl sahibi kimi burada necə yollar, kommunikasiyalar, inkişaf üçün, sülh üçün əsaslar yaratdığımızı onlara təqdim edirik.

Üçüncüsü, həm də Azərbaycanın bir növ sülhpərvər mövqeyini onlara təqdim edirik. Yəni işğaldan azad olunmuş ərazilərimizə səfər edən hər bir diplomat həm erməni vandalizmini görür, həm də Azərbaycanın quruculuq əzmini görür".

Siyasətçinin fikrincə, bu kontrastda hər bir diplomat özü üçün bir daha kimin kim olduğunu yəqin etmiş olur:

"Bəzən onlar öz təəssüratlarını bölüşürlər, bəzən bölüşmürlər. Amma nə olur-olsun, nəticədə onların hər biri daxilən yəqin edir ki, Azərbaycan xalqı kimdir, erməni xalqı kimdir. Bu sualın özlərinə verdikləri cavabı asanlıqla tapırlar. Şübhəsiz ki, başqa bir məsələ burada tarixi-mədəni irsə münasibətdir. Səfər edən diplomatlar görürlər ki, Qarabağda olan Alban-xristian və yaxud pravoslav-xristian mirasına münasibət necədirsə, İslam mirasına, müsəlman mirasına da münasibət eynidir. Bu da mənə elə gəlir ki, Azərbaycan multikulturalizminin məhz bu kontekstdə yenidən təqdimatıdır".

Müsahibimiz hesab edir ki, xristian mədəniyyətini təqdim edəndə bir qədər bunu doğru etmirik:

"Məsələn, diplomatlar Gəncəsər və Xudavəng Alban kilsələrində oldular. Ancaq orada bariz şəkildə diplomatların diqqətinə çatdırılmalı idi ki, Alban dediyimiz xalq, o dövrdə Albaniya dövlətini quran xalq bizik. Sadəcə, bizim xristian keçmişimiz var, biz o dövrdə xristian olmuşuq. Adların da etnik-etimoloji izahını vermək lazımdır ki, bu bizik. Bundan qorxmaq lazım deyil. Heç kəs bizə deməyəcək ki, siz nəyə görə xristian idiniz, indi müsəlman oldunuz və s. Mənə elə gəlir ki, bir də bu aspektdən məsələni qoyub cəsarətlə desək ki, o Alban dediklərimiz mücərrəd bir xalq deyil, xristian qıpçaq türkləridir və bu da onların mədəniyyətidir. Bu, adından da bəllidir. Daha yaxşı olar, tarixi kontekstdə qonaqlarımızı daha yaxşı məlumatlandıraq".

H.Babaoğlu vurğuladı ki, səfərlərdə Azərbaycan diplomatiyasının bir qətiyyəti və ardıcıllığı var:

"İlkin səfərlərdə daha az ölkənin səfirləri, diplomatları gedirdi. Bəzi ölkələr ümumiyyətlə "iqnor" edirdilər, getmək istəmirdilər. Məsələn, Fransanın səfiri, Amerika Birləşmiş Ştatlarının səfiri və s. Amma görürsünüz, bu gün artıq Azərbaycanın diplomatiyadakı ardıcıllığı, məqsədyönlülüyü hətta onların Şuşada rəqs etmələrinə qədər maraqlı bir mədəni-diplomatik nailiyyət əldə edə bilibdir ki, bu da bizim böyük uğurumuzdur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən