“Diplomatlar Qarabağda erməni saxtakarlığının şahidi olurlar” - Azər Allahverənov

 18:15 14.09.2026     452

Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri zamanı Ağdərədə yerləşən Gəncəsər Monastır Kompleksinə də baxış keçirilib. Səfər zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev monastırda qədim erməni kitabları kimi təqdim olunan bəzi nəşrlərin saxta olduğunu nümayiş etdirib.

Milli Məclisin deputatı, tarixçi Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, say etibarilə artıq 20-dən çox belə səfər təşkil olunub:

“Hər dəfə diplomatik korpus nümayəndələri arasında yeni şəxsləri görürük. Bu da onunla əlaqədardır ki, diplomatik heyət tez-tez dəyişir. Bu baxımdan, Azərbaycana diplomatik xidmətə göndərilən şəxslərin bu kimi səfərlərə cəlb olunması olduqca vacibdir. Çünki həmin şəxslər öz gözləri ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış ola bilirlər. Eyni zamanda, nəzərə alsaq ki, diplomatik korpus nümayəndələri öz ölkələrinin təmsilçiləridir, onların Qarabağda gedən proseslərlə bağlı zəruri məlumat əldə etməsi həmin ölkələrin gələcəkdə bu prosesdə yaxından iştirakına imkan yarada bilər. Həmçinin həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda iqtisadi layihələrin həyata keçirilməsində maraqlı olan şirkətlərə bu barədə məlumatların çatdırılması xarici şirkətlərin sayının artmasına səbəb ola bilər”.

Millət vəkili əlavə etdi ki, çox vacib məqamlardan biri də erməni saxtakarlığının üzə çıxarılması ilə bağlı sübutların diplomatik korpus nümayəndələrinə təqdim edilməsidir:

“Uzun müddət erməni alimləri, tarixçilər, etnoqraflar və arxeoloqlar uydurulmuş Ermənistan tarixi ətrafında saxta dəlillər və sübutlar yaratmağa çalışıblar. Bununla da “Böyük Ermənistan” ideyası üzərindən gələcək ekspansionist və işğalçı siyasət üçün əsas formalaşdırmağa cəhd göstərilib.

Məsələn, bu gün Ağdərədə yerləşən Gəncəsər monastırı kompleksinə baxış keçirilən zaman həmin saxta məlumatlar əsasında hazırlanmış kitab və sənədləri görmək mümkündür. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndidəki inzibati binalarda saxta xəritələrin geniş yayıldığının da şahidi olmuşuq. Bu cür saxtakarlıqlar vasitəsilə beynəlxalq ictimaiyyəti çaşdırmağa və uydurulmuş ideyaları qəbul etdirməyə çalışıblar. Eyni yanaşmanı 1915-ci il hadisələri ilə bağlı “erməni soyqırımı” iddialarında da görürük. Bir sıra dövlətlərin parlamentlərində tarixi əsası mübahisəli olan bu iddianın dəstəklənməsi və bununla bağlı qətnamələrin qəbul edilməsi də məlumdur. Halbuki Türkiyə tərəfi dəfələrlə Ermənistanı arxivləri açmağa və tarixi faktların birlikdə araşdırılmasına çağırıb. Ermənistan tərəfi isə buna getmir. Türkiyədə aparılan qazıntılar zamanı aşkarlanan bəzi kütləvi məzarlıqlarla bağlı sonrakı DNT təhlillərində onların türk əsilli şəxslərə aid olduğu müəyyənləşdirilib. Buna baxmayaraq, Ermənistan tərəfi Türkiyə ərazisində erməni əsilli şəxslərə aid kütləvi məzarlıq nümunəsi göstərə bilmir.

1915-ci il hadisələri ilə bağlı iddialarda olduğu kimi, Azərbaycanın tarixi və mədəni irsi də saxtalaşdırılaraq öz maraqlarına uyğun şəkildə təqdim edilməyə çalışılır. Məhz diplomatik korpus nümayəndələrinin sonuncu səfəri zamanı bu məlumatların saxta əsaslara söykəndiyi, bir sıra kitab və sənədlərin uydurulmuş tarixi hadisələr əsasında hazırlandığı nümayiş etdirilib. Bu isə erməni mifinin dağıdılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Siyasətçi qeyd etdi ki, diplomatik korpus nümayəndələri həmin faktlarla tanış olduqca Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi, uydurma hadisələri beynəlxalq ictimaiyyətə qəbul etdirməyə yönələn siyasətin mahiyyətini daha aydın görürlər.

“Elə buna görə də bu gün Ermənistan cəmiyyətində diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinin ayrı-ayrı epizodları ilə bağlı ciddi narazılıq və isteriya müşahidə olunur. Bunun əsas səbəblərindən biri onların saxta tarixinin ifşa edilməsi, “Böyük Ermənistan” ideyasına xidmət edən narrativlərin öz təsirini itirməsidir. Bu baxımdan, belə səfərlərin davam etdirilməsi və tarixi sənədlərin nümayiş etdirilməsi olduqca vacibdir. Erməni alimləri arasında da bu saxtakarlıqları üzə çıxaran və real Ermənistan ətrafında səfərbər olmağa çağıran şəxslər var.

Tarixin saxta sənədlər, uydurulmuş hadisələr və miflər üzərində təqdim edilməsinə qarşı bu cür fəaliyyətlər həmin siyasətin iflasını yaxınlaşdırır. Ona görə də ifşa xarakterli bu fəaliyyətlərin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən