"Onların həmişə illüziyalar içində olması özləri üçün bəla gətirir" - Tofiq Abbasov

 17:05 15.09.2026     467

İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə protokollar imzalayıblar. Sənədə əsasən qonşu ölkələr sərhəddə “yaşıl dəhliz” yaradacaqlar.

Bəs bu dəhliz TRİPP layihəsinə əngəl ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistanın planları ilə bağlı müzakirələr, söhbətlər, araşdırmalar və sair daim gedir. Onun sözlərinə görə, Ermənistan özü də gözəl bilir ki, vaxtilə ciddi və çox bağışlanmaz bir səhvə yol verməklə, yəni Azərbaycan xalqına təcavüz etməklə, demək olar ki, gələcəyə öz yollarını bağladılar:

"Biz onların xislətinə bələd olsaq da, əgər vaxtilə Azərbaycanla dostluq münasibətlərini, yaxud heç olmasa sovet illərindəki əlaqələrin bir bənzərini qoruyub saxlaya bilsəydilər, düşünürəm ki, bu gün belə problemlərlə üzləşməzdilər. Çünki Azərbaycan xalqından ermənilərə heç vaxt zərər gəlməyib. Amma bizi onlar düşmən elan etdilər, torpaqlarımızda azğınlıq etməklə ərazilərimizin 20 faizini darmadağın etdilər, insanlarımıza da olmazın zülmlərini yaşatdılar. Əlbəttə ki, bu zəmində özlərini həm bütün dünyadan, həm də regiondan təcrid etdilər. Onların güya iki ümid yeri var idi: biri Gürcüstan, digəri isə İran. Onlar bu ölkələr vasitəsilə dünya bazarlarına çıxış əldə ediblər, bunu qoruyurlar, saxlayırlar və sair. İranla bağlı onların həmişə çox dəbdəbəli layihələri olur: “Sülh dördyolu”, “Xüsusi dəhliz”, “Hindistandan gələn bir dəhliz” və Orta Dəhlizə alternativ olan başqa bir xətt və sair. Biz görürük ki, onların həmişə illüziyalar içində olması özləri üçün bəla gətirir.

Onlar birmənalı şəkildə başa düşməlidirlər, anlamalıdırlar ki, dünyada artıq müasir trendlər var. Onlara uyğunlaşmaq lazımdır. Özünüz bacarmırsınızsa, məsələn, bölgədə Azərbaycan var, Azərbaycanla bərk yapışın. Bölgədə Türkiyə var, Türkiyə ilə bərk yapışın. Ərazi iddialarınızdan, məkrinizdən əl çəkin və inkişaf yoluna çıxmış, uğurlu xalqlarla, toplumlarla birlikdə gələcəyə doğru hərəkət edin. Amma bunu bacarmırlar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən