Trampın “xərcləri ödəyin” mesajı: Söhbət hansı ölkələrdən gedir?

 18:09 15.09.2026     427

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Birləşmiş Ştatlara yardım etməyən ölkələrin münaqişə başa çatdıqdan sonra Vaşinqtonun çəkdiyi xərcləri ödəməli olduğunu bildirib. 

Maraqlıdır, ABŞ Prezidenti hansı ölkələri nəzərdə tutur?

Politoloq Elçin Xalidbəyli Ağ Ev rəhbərinin açıqlamasını Redaktor.az-a şərh edərkən qeyd etdi ki, Donald Trampın dediyi ölkələr daha çox NATO üzvü olan Avropa ölkələridir:

"Çünki NATO üzvü olan Avropa ölkələrinin demək olar ki, heç birisi ABŞ-yə İranla müharibədə dəstək vermədi. Əksinə, bəzi NATO ölkələri, o cümlədən İspaniya, İtaliya kimi ölkələr ABŞ-yə əngəl belə törətməyə çalışdılar. Öz ərazilərindəki hərbi bazalardan istifadə etməyə icazə vermədilər. Təbii ki, bütün bunlar ABŞ-nin strateji müttəfiqlərinin savaş hallarında, böhranlı situasiyalarda tuta biləcəkləri mövqeləri əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Təbii ki, Ağ Evdə bundan ciddi şəkildə narazıdırlar. Ancaq burada bir önəmli məqam da ondan ibarətdir ki, Tramp administrasiyası Yaxın Şərqdə savaşa başlayarkən NATO ölkələrinin və ümumiyyətlə NATO-nun mövqeyini nəzərə almağa ehtiyac duymamışdı, yəni birtərəfli qaydada savaşa başlamışdı".

Onun fikrincə, Yaxın Şərq savaşında ABŞ-yə dəstək verilmədiyinə görə NATO ölkələrini qınamaq yersiz olardı:

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

"Üstəlik, belə bir öhdəlikləri də yoxdur. Çünki NATO-nun 5-ci maddəsinə görə NATO üzvü olan ölkəyə hərbi təcavüz baş verərsə, digər üzv ölkələr ona dəstək verməyə borcludurlar. Ancaq bu halda ABŞ-yə hücum baş verməyib, hərbi təcavüz baş verməyib. Əksinə, ABŞ başqa ölkəyə qarşı müharibəyə başlayıb və bu da ABŞ-nin öz məsuliyyətində olan məsələdir və NATO ölkələri buna görə məsuliyyət daşımırlar. Ancaq Tramp administrasiyası belə düşünmür və böyük ehtimalla da savaşdan sonra bəzi ölkələrdən bunun əvəzini çıxmaq niyyətinə düşə bilər. Burada da əsas məsələ ABŞ-nin dəstək verməyən strateji müttəfiqlərə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ola bilər. Başqa modeldə həmin ölkələrlə bağlı addımların atılması mümkün deyil. Yəni ABŞ-nin çəkdiyi xərci də həmin ölkələrin üzərinə yükləmək mümkün deyil. Ancaq əvəz ödətmək niyyətinə düşərsə, ABŞ həmin ölkələrə qarşı gömrük rüsumlarının artırılması və yaxud da digər iqtisadi sanksiyaların tətbiq olunması ilə müəyyən əlavə gəlirlər qazana bilər və bunu da həmin ölkələrin savaş xərci ödəməsi kimi elan edə bilər. Burada da əsas məsələ ondan ibarətdir ki, İranla savaşdan sonra Tramp administrasiyasının hakimiyyətdə olub-olmaması da müəmmalıdır. Çünki demokratlar hakimiyyətə gələrsə, Trampın indiki siyasətini köklü şəkildə dəyişə bilərlər və həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ölkələri ilə yeni sistem üzrə münasibətlərin qurulması prosesi başlaya bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən