“Avropa Parlamenti populistlər yığıncağıdır” - Tural Gəncəliyev
"İlham Əliyevin son çıxışında Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər Avropa Parlamentinin hazırda düşdüyü durumu, həmçinin bu qurumun Azərbaycana qarşı qarayaxma kampaniyasının mərkəzi olduğunu bir daha təsdiq edir. Həqiqətən də Avropa Parlamenti rüşvətxorlar yuvasıdır".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.
"Mən özüm VI çağırış Avropa Parlamenti ilə işçi qrupun Milli Məclisdə rəhbəri olaraq dəfələrlə Avropa Parlamentinə getmiş, orada görüşlər keçirmişəm. Hətta özlərini guya obyektiv, heç bir tərəf tutmayan Avropa deputatları kimi təqdim edən şəxslər belə görüşlər zamanı özlərinin erməni diasporundan, erməni lobbi qruplarından asılı olduqlarını və onların maraqlarını müdafiə etdiklərini ya görüş zamanı, ya da görüşdən dərhal sonra büruzə verirdilər. Düzdür, bizim görüşdüyümüz deputatların içərisində həm erməni əsilli, həm də erməni əsilli olmayan şəxslər var idi. Bütün bunlar bir daha sübut edir ki, prezidentin də söylədiyi kimi, Avropa Parlamenti həqiqətən də rüşvətxorlar yuvasıdır. Çünki Avropa Parlamentinin həm Strasburqda, həm də Brüsseldə yerləşən binalarında açıq-aşkar rüşvətxorluq faktları dəfələrlə baş verib. Ölkə başçısının vurğuladığı kimi, Avropa Parlamentini lərzəyə salan rüşvətxorluq və korrupsiya skandallarının heç bir nəticəsi olmayıb. Xatırlayırsınızsa, Avropa Parlamentinin vitse-prezidenti səviyyəsində rüşvətxorluq və korrupsiya skandalı baş vermişdi. O vaxt Yunanıstandan olan deputat Eva Kaili ilə bağlı ciddi korrupsiya ittihamları gündəmə gəlmişdi", - deyə o bildirdi.
Millət vəkili qeyd etdi ki, Avropa Parlamentinin rüşvətxorluq yuvası olması elə özlərinin başına gələn, özlərinin həyata keçirdiyi siyasət nəticəsində ifşa edilmiş bir faktdır:
"Bu, dediyim kimi, Avropa Parlamentinin vitse-prezidenti səviyyəsində rüşvətin alınması ilə bağlı məsələ idi. Hətta təsəvvür edin, rüşvətin guya nağdsız, elektron variantda gizlədilməsi əvəzinə, onu fiziki şəkildə, çamadan və yaxud nağd formada almağa cəhd göstərilməsi ilə bağlı faktlar var ortada. Avropa Parlamentinin vitse-prezidentinin korrupsiya skandalında onun üçün nəzərdə tutulan rüşvətin ona verilməsi və Avropa Parlamentinin binasından çıxarılması üçün uşaq arabasından belə istifadə edilməsi faktı Avropa mediasını şoka salmışdı.
Digər bir məsələ də budur ki, mən Avropa Parlamentinin VI çağırış işçi qrupunun rəhbəri, daha sonra isə VII çağırışda üzvü olaraq dəfələrlə şahid olmuşam ki, Avropa Parlamentinin, xüsusilə də Brüsseldəki binasında “Almaz kralı” deyilən, erməni diasporunun məşhur korrupsioneri Karapetyan adlı şəxsin Avropa Parlamentinin deputatları ilə görüşləri keçirilib. Mən öz gözlərimlə onun orada olduğunu və deputatlarla görüşlər keçirdiyini görmüşəm".
Siyasətçi əlavə etdi ki, Karapetyan Brüsseldə almaz biznesi ilə erməni diasporunu və erməni lobbisini maliyyələşdirən, onların çirkli planlarına maliyyə dəstəyi verən şəxs kimi tanınır:
"Amma bu adam Avropa Parlamentinin binasında rahat gəzir, orada avropalı deputatlarla görüşlər keçirir, onları lobbiləşdirir, onları ələ alır. Beləliklə, bu riyakarlığın da bir səbəbi və nəticəsidir ki, Avropa Parlamenti ora-bura barmaq uzadaraq demokratik dəyərlərdən danışır, başqa ölkələrə demokratiya dərsi keçir. Halbuki özü daxilində hansı qara rüşvətxorluq skandallarının içində batıb üzürsə, bundan danışmır. Bu da riyakarlığın ən yüksək göstəricisidir.
Ümumiyyətlə, Avropa Parlamenti populistlər yığıncağıdır, onu da demək lazımdır. Avropa Parlamenti adətən öz ölkələrində milli qanunvericilik orqanlarına seçilə bilməyən və daha çox ümumavropa seçkiləri nəticəsində Avropa Parlamentinə gələn insanlardan ibarətdir. Yəni öz parlamentlərində, öz milli qanunvericilik sistemində seçilə bilməyən, fiaskoya uğrayan bu siyasətçilər adətən ümumavropa seçkilərinə gedirlər. Orada daha çox populizm, daha çox saxta təmayüllü, faşist təmayüllü və yaxud da ifrat sol təmayüllü ideyalar səsləndirərək Avropa Parlamentinin kürsüsünü qazanırlar və orada öz populist ideyalarını inkişaf etdirirlər".
Müsahibimizin sözlərinə görə, bütün bu ifrat sağ, sol, islamofob fikirli siyasətçilər məhz Avropa Parlamentindən qaynaqlanır:
"İmmiqrantlara qarşı dözülməz bəyanatlar, islamofobiya, ksenofobiya və ümumiyyətlə yeni dövrün, yeni çağın ən təhlükəli ideyaları məhz Avropa Parlamentindən səslənir. Paradoks da bundan ibarətdir ki, ən böyük Avropa qurumu kimi özünü təqdim edən, Avropa institutu və demokratik institut kimi fəaliyyət göstərən 720 nəfərlik bir institutun bu qədər aşağı səviyyəyə, bu qədər ifrat təhlükəli fikirlər səsləndirmək səviyyəsinə qədər getməsi heç kimi çəkindirmir, utandırmır. Ona görə də prezidentin vurğuladığı fikirlər tam yerinə düşür və onların iç üzünü ifşa edir", - deyə Tural Gəncəliyev vurğuladı.
Xədicə BAXIŞLI













