Deputat Prezidentin çıxışından danışdı: “Burada Avrasiyanı maraqlandıran suallara cavablar var”

 14:20 16.09.2026     97

"Bildiyimiz kimi, dünən Prezident İlham Əliyev müsəlman dini liderləri ilə görüş keçirdi. Keçirdiyi görüşdə səsləndirdiyi fikirlər olduqca aktualdır. Burada təkcə Azərbaycanı və bütövlükdə Cənubi Qafqazı deyil, həm də daha geniş miqyasda Avrasiya qitəsini maraqlandıran suallara verilən cavabları görmək mümkündür. Çünki prezident burada həm Azərbaycanın beşdə bir hissəsinin işğal altında saxlanıldığı dövrdə erməni işğalçıları tərəfindən mədəni irsimizə, dini etiqadımıza vurulan zərərlərdən, eyni zamanda ölkəmizə qarşı aparılan ardıcıl işğal siyasətinin müxtəlif müstəvilərdə reallaşdırılmasından danışdı. Bu siyasət informasiya müstəvisində də, xüsusilə beynəlxalq ictimaiyyəti çaşdıracaq və yanlış məlumatlarla təchiz edəcək şəkildə həyata keçirilirdi".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi. Onun sözlərinə görə, İlham Əliyevin dini məbədlərlə bağlı söylədiyi fikirlər, o cümlədən tamamilə və ya qismən dağıdılmış 65 məscidlə bağlı səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, mədəni irsə, o cümlədən dini etiqada hörmətin qorunmasını və təşviqini geniş şəkildə dəstəkləyən beynəlxalq institutlar Azərbaycanın üzləşdiyi bu ideoloji soyqırımına etinasız yanaşıb, Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə əhəmiyyət verməyiblər:

"Nəticə etibarilə, hətta dağıdılan məscidlərlə yanaşı, həmin ərazilərdə Qafqaz Albaniyasına məxsus kilsələrin özününküləşdirilməsi və tamamilə fərqli kontekstdə təqdim olunması, eyni zamanda kilsələrdəki sənədlərin saxtalaşdırılması, kilsələrin fasadları üzərində müxtəlif simvolların müdaxilə nəticəsində əlavə edilməsi beynəlxalq ictimaiyyətin çaşdırılmasına hesablanmış addımlar idi. Ermənistan Respublikası 30 il ərzində işğal dövründə bu addımları atmışdı. Amma 44 günlük Vətən müharibəsindən sonra möhtəşəm Zəfər qazanan Azərbaycan bütün çətinliklərə baxmayaraq, 30 il ərzində ölkəmizə qarşı törədilmiş kulturasid, genosid, ekosid və hətta urbansid siyasətinin ağır fəsadları olsa da, sülh gündəliyinə sadiqliyini nümayiş etdirdi. Elə 2021-ci ildə sülh prinsiplərini özündə ehtiva edən çox vacib təkliflərini Ermənistan tərəfinə çatdırdı. Beş prinsipi özündə ehtiva edən sülh təklifi nəticə etibarilə sonrakı mərhələdə 17 bənddən ibarət sülh müqaviləsi sənədinin hazırlanmasına səbəb oldu və həmin sənədin paraflanması da baş verdi. Azərbaycanın yaratdığı bu siyasi reallıq nəticə etibarilə beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə təqdir olundu və Azərbaycanın sülh gündəliyinə sadiqliyi yüksək dəyərləndirildi".

Siyasətçi qeyd etdi ki, bu məsələlərdə Azərbaycan həm də lider ölkə kimi, təkcə Cənubi Qafqaz bölgəsinin lider ölkəsi kimi yox, həm də daha geniş kontekstdə Avrasiyada reallaşmaqda olan inteqrasiya layihələrinin həyata keçirilməsində əsas ölkə olaraq özünü təsdiq etdirib:

"Bu gün Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən inteqrasiya layihələrinin heç biri Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Bunun da nəticəsidir ki, Azərbaycan zaman-zaman bir sıra vacib təkliflərlə çıxış etməklə yanaşı, həm də bir çox ideyaların reallaşdırılmasına öz töhfəsini verir. Azərbaycan həm həmin ideyaların təşəbbüskarı, həm də onları həyata keçirən tərəf olaraq etibarlı tərəfdaş qismində özünü təsdiq etdirib. Bu gün də bir çox beynəlxalq platformalarda Azərbaycanın bu yeri və rolu yüksək dəyərləndirilir.

O cümlədən, ölkəmizdə yaradılmış multikultural dəyərlərə sadiq bir cəmiyyətin formalaşması Azərbaycanı sivilizasiyalararası və dinlərarası çox vacib bir dialoq platformasına çevirib. Bunun da nəticəsidir ki, artıq Azərbaycan beynəlxalq platformaların iştirakçısı olmaqla yanaşı, həm də özü həmin platformalar arasında özünəməxsus yer tutur. Bu gün siyasi dialoq üçün çox əhəmiyyətli olan bir çox müzakirələr məhz Bakıda və digər şəhərlərdə reallaşdırılır. Bu da bir daha göstərir ki, Azərbaycan beynəlxalq platformalar arasında özünəməxsus yerini tutub və bu fəaliyyət davam etdirilir".

Müsahibimiz vurğuladı ki, Azərbaycan həm Türk Dövlətləri Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Mərkəzi Asiyada Liderlərin Məşvərət Şurasının fəal üzvüdür:

"D-8 təşkilatının üzvü olmaqla yanaşı, həmin ayrı-ayrı istiqamətlərdə və müstəvilərdə fəaliyyət göstərən platformaları məhz Azərbaycanda bir araya gətirərək ümumbəşəri prinsiplərə sadiqliyinin nümayiş etdirilməsini təmin edir. Eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı siyasi reallıq, xüsusilə sülh və təhlükəsizliyin, əmin-amanlığın təmin olunması bir çox ölkələr və bölgələr üçün müsbət presedentdir. Xüsusilə indi dünyada gedən münaqişələr fonunda Azərbaycanın formalaşdırdığı və yaratdığı bu siyasi reallıq, onun üzərində bərqərar etdiyi inkişaf strategiyası dünyada sülh və əmin-amanlıqda maraqlı olan bir çox bölgələr üçün model və nümunədir".

Millət vəkili hesab edir ki, prezidentin söylədiyi fikirlər bir çox sahələri, xüsusilə ölkənin hüdudları daxilində uğurlu şəkildə həyata keçirilən Böyük Qayıdış Proqramını və bundan irəli gələrək dövlətin müəyyən etdiyi vəzifələrə uyğun həyata keçirdiyi siyasəti özündə əks etdirir:

"Bu, bir daha göstərir ki, Azərbaycan inkişaf strategiyalarına uyğun sərgilədiyi mövqe və həyata keçirdiyi siyasətlə həm də ümumbəşəri mahiyyət daşıyır. Çünki burada ümumsivilizasion inkişafın təməli məhz bu kimi modellər üzərində bərqərar edilən dayaqlara söykənir. Azərbaycan öz fəaliyyəti ilə bu dayaqları daha da möhkəmləndirir və dünya üçün qarşılıqlı fayda gətirəcək, müxtəlif maraqları bir araya gətirəcək əməkdaşlıq müstəvisini formalaşdırmış olur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən