“Avropa Parlamentində oturan deputatlar rüşvət qarşılığında sifarişli qərarlar qəbul edir” - Azər Badamov

 17:00 16.09.2026     175

Prezident İlham Əliyev Avropa Parlamentini korrupsiya ilə bağlı sərt tənqid edib və qurumu “rüşvətxorlar yuvası” adlandırıb. Dövlət başçısı Avropa Parlamentinin vitse-prezidentlərindən birinin evindən milyonlarla dollar tapılması ilə bağlı hadisənin ört-basdır edildiyini deyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Azər Badamov bildirdi ki, Prezident İlham Əliyevin Avropa Parlamentinə yönəltdiyi sərt tənqid ciddi əsaslara söykənir:

“Avropa Parlamentində ayrı-ayrı yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya qalmaqalları və araşdırmalar bu qurumun şəffaflığı və obyektivliyi barədə müzakirələrin aparılmasını şübhə altına salıb. Eyni zamanda, Azərbaycana qarşı qəbul edilən anti-Azərbaycan qərarlar ikili standartlardan irəli gəlir. Avropa Parlamentində oturan deputatlar rüşvət qarşılığında sifarişli qərarlar qəbul edir. Amma beynəlxalq hüquq, insan haqları və ədalət tapdalanmaqda davam olunur. Xüsusilə 30 il ərzində Azərbaycanın ərazilərinin işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməməsi və Qarabağda Azərbaycanın tarixi-mədəni və dini irsinə vurulan zərərin lazımi səviyyədə beynəlxalq reaksiyaya səbəb olmaması bu məsələyə fərqli yanaşmanı zəruri edir”.

Millət vəkili nəzərə çatdırdı ki, Avropa Parlamenti və Avropa Şurasında beynəlxalq hüququn, insan hüquqlarının və ədalət prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiq edilməməsi adiləşib:

“Amma korrupsiya faktları varsa, araşdırılmalı, məsul şəxslər cavab verməlidir. Eyni zamanda, siyasi qərarlarda ikili standart varsa, bunun da konkret faktlarla göstərilməsi vacibdir. Lakin müəyyən olunmuş korrupsiya əməlləri cəzadan kənarda qalır və yeni ədalətsizliklərin davam etməsinə yol açır. Azərbaycanın mövqeyi aydındır, biz xüsusi münasibət yox, ədalətli və obyektiv münasibət tələb edirik. Beynəlxalq institutların nüfuzu da məhz şəffaflıq, obyektivlik və bütün tərəflərə eyni meyarla yanaşmaqla qorunur”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən