Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü - FOTO
Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə Milli Məclisin sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (GHGT) fəaliyyəti, Azərbaycanın QHPŞ-yə sədrliyi dövründə görülmüş işlər, ölkəmizin irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib.
Spiker bundan sonra Pan-Afrika Parlamentinin Afrika dövlətlərinin parlamentləri ilə əlaqələrimizin inkişaf etdirilməsi üçün daha bir uğurlu platforma olacağına əminliyini ifadə edib.
Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq bu vəzifəyə seçiləndən sonra Afrika hüdudlarından kənarda səfər etdiyi ilk ölkənin Azərbaycan olduğunu vurğulayıb.
Söhbət zamanı Pan-Afrika Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Pan-Afrika Parlamenti ilə QHPŞ arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar.



















