Azərbaycan Türk və İslam həmrəyliyinin nümunəvi modelinə çevrilir

 19:48 16.09.2026     100

Bakı şəhəri bu günlərdə iki beynəlxalq tədbirə ev sahibliyi edir. Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın ölkəmizdə keçirilməsi böyük ictimai-mədəni məzmun kəsb edir.

İlk növbədə, TDT-nin dini liderlərinin tədbiri İslam həmrəyliyi və Türk dünyası arasında əməkdaşlığın gücləndirilməsi baxımından aktuallıq daşıyır. Eləcə də, görkəmli şair-filosof S.Y.Bakuviyə həsr edilmiş konfrans Azərbaycanın zəngin ədəbi irsinin dünya miqyasında təşviqində əhəmiyyətli rol oynayır.

Ölkəmizdə olan nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin bildirdiyi kimi, iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib ki, onlardan biri XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvidir. Onun qoyduğu miras, tarixi-mədəni irs Azərbaycan xalqı ilə bərabər, bütün İslam aləmi üçün çox böyük dəyərdir.

TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının əvvəlki tədbirlərlə müqayisədə əlamətdarlığı isə həm dini liderlərin sayca çoxluğu, həm də Gürcüstan, Suriya, Şimali Qafqaz, Çeçenistandan olan dini rəhbərlərin iştirakıdır. Bu, İslam birliyinin nümunəsi, Azərbaycan dövlətinin xüsusi təşkilatçılığı, dini qurumlar arasında yaratdığı sağlam mühitin göstəricisidir.

Tarixən öz zəngin dəyərləri ilə sivilizasiyalara töhfələr verən qədim Qafqaz Albaniyası, Atabəylər dövləti Türk və İslam dünyasını vahid bir coğrafiyada birləşdirib, multikultural həyat tərzi, ənənəsi bəxş edib. Hazırda tarixi ənənəni davam etdirən müstəqil Azərbaycan dövləti regionda bütün türk və islam ölkələrinin dəyərlərinin təbliğində layiqli missiyasını uğurla həyata keçirir.

Toplantıda səsləndirilən fikirlərdən də aydın olur ki, həm də böyük rəmzi məna daşıyan bu cür tədbirlər insanları, ölkələri daha da birləşdirir, dostluq, qardaşlıq əlaqələrini gücləndirir, sülh və barış çağırışları ilə bütün ölkələri dostluğa dəvət edən müsəlman dini liderlərinin sözləri isə xüsusi hörmət və ehtiramla qarşılanır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, onların hər bir sözü, müsəlman icmaları üçün çox dəyərlidir və bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilir.

Təəssüf ki, bugünkü dünyada, o cümlədən müsəlman aləmində bəzi narahatedici hadisələr baş verir ki, bu vəziyyət Azərbaycanı da qayğılandırır. Öz əməli-praktiki addımları ilə İslam həmrəyliyinə töhfə verən dövlətimiz İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə birlikdə təşkil etdiyi çoxsaylı tədbirlərdə bu məsələlərə öz mövqeyini ifadə edib, eləcə də birlik və qardaşlığın möhkəmlənməsini təmin edən prinsipial addımlar atıb.

2017-ci ildə ölkəmizin təşəbbüsü ilə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları sadəcə idman yarışı kimi deyil, əsl dostluğun modelinə çevrilib. Gələn il keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü üçün Bakının seçilməsi isə təsadüfi deyil. Dünyada gedən gərgin proseslərin fonunda sabitlik, təhlükəsizlik və tolerantlıq məkanı hesab edilən Azərbaycan barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkədir və bu səbəbdən Zirvə Görüşündən çox böyük nəticələrin əldə ediləcəyi gözlənilir.

Azərbaycan həmin müddətə qədər bəzi müsəlman ölkələri arasında gedən anlaşılmazlıqların aradan qalxması üçün əlindən gələni edəcək. Görüşdə Azərbaycan Prezidentinin mesajı da qəti və sərrast idi: “Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik”.

Prezident İlham Əliyev dini liderlərlə söhbətdə xüsusi olaraq bir məqama da xüsusi diqqət çəkdi. Tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlətimiz, eyni zamanda, Qarabağ və Şərqi-Zəngəzurda 30 il erməni işğalında olan İslam dini abidələrini, mədəniyyətini, dəyərlərini azad etdi. Bütün müsəlmanlar üçün müqəddəs yer sayılan 65 məscidin və digər abidələrin erməni vandalizmindən xilas edilməsi, ümumilikdə İslam və Türk dünyasına vurulmuş ləkənin təmizlənməsidir. Məsciddə mal qaranın, xüsusilə donuzların saxlanılması bütün dünya müsəlmanlarını təhqir etmək, aşağılamaq demək idi. Azərbaycan bu təhqiri və yüz milyonlarla müsəlmanın adına olan utancı təmizlədi.

Dini liderlərin Qarabağa səfərinin təşkil edilməsi də məhz bu reallıqlarla yerində tanış olmaq, nəticə çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Onlar səfər zamanı İslam dünyasına qarşı olan münasibəti daha aydın dərk etməyə imkan tapırlar.

Azərbaycan bu gün dirçələn Qarabağın yeni simasını təqdim edir, Türk və İslam dünyasının qürur mənbəyi olan tarixi-dini irsi yenidən qurur, mədəni salnamə yaradır. Azad edilmiş ərazilərdə bərpa işlərinin məsciddən başlanması özü İslam dünyası üçün bir nümunədir.

Vaxtilə Xocalı qurbanlarının mərasimlərinin keçirildiyi Ağdam məscidinin dərhal bərpası bütün müsəlmanlara təlqin ediləcək dəyərdir, davranış kodeksidir. İndiyədək 12 məscidin bərpası və yenidən qurulması dini ənənəyə olan misilsiz ehtiramın təzahürüdür. Bu, Azərbaycan dövlətinin və onun Liderinin öz milli-mənəvi dəyərlərinə, dininə olan böyük sevgi və hörmətinin ali təcəssümüdür.

Azərbaycan bu günədək Türk dünyasının qalib xalqı, müzəffər dövlət kimi bölgədə salınmış 48 şəhər və kənddə 90 mindən çox insanın firavan həyatını təmin edib.
Öz sarsılmaz gücü və birliyi ilə Türk dünyası və İslam aləminə güc qataraq onu anlatmağa çalışır ki, möhkəm həmrəylik arxitekturası sayəsində heç kimin, heç bir qüvvənin bizə gücü çata bilməz, heç kim ədalətsizlik edə bilməz.

Cənab İlham Əliyev sadə və lakonik tərzdə bəyan etdi ki, bizə qarşı aparılan bu kampaniyaların qarşısını almaq üçün hamımız birlikdə çalışmalı, sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik.

Belə olan halda dünyanın ikili standartları ilə işləyən təşkilatları, o cümlədən islamofoblardan ibarət strukturlar ölkəmizə və digər qardaş dövlətlərə qarşı ədalətsizlik edə bilməz, bununla da İslam dünyasına qarşı elan olunmamış müharibəyə son qoyular.

Ramid Namazov,

Milli Məclisin deputatı

Vumart və Güvən reklamı Vumart Güvən