Prezident İslamofobiyanın məqsədini açıqladı – Deputat: “Bu, daha böyük hadisədir”

 12:56 17.09.2026     154

"Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransdan sonra müxtəlif ölkələrin dini liderləri ilə görüşü zamanı hazırda dünyada baş verən qlobal hərbi-siyasi proseslərin dini-mənəvi tərəfinə də toxunaraq bir sıra məsələlərə münasibət bildirdi. Onlardan biri Avropanın islamofob dünyagörüşü və İslam üzərində təzyiq qurmaq cəhdləri, İslamı dəyərlər yox, terror dini kimi təqdim etmək cəhdlərindən danışdı və bunun sadəcə bir islamofob dünyagörüşü yox, ondan daha böyük hadisə olduğunu diqqətə təqdim edib".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda beynəlxalq konfransların işçiləri ilə görüşü zamanı İslamofobiyadan danışaraq bunun məqsədyönlü siyasət olduğunu bildirməsini şərh edərkən qeyd etdi.

Millət vəkilinin sözlərinə görə, bəzi Avropa ölkələrinin mövqeyi dindən daha böyük, bütövlükdə sivilizasiyalara qarşı olan mövqe kimi qiymətləndirilməlidir:

"Bunun həm də sadəcə din, mənəviyyat hadisəsi kimi yox, dini istismar edərək müsəlman dövlətləri üzərində təzyiq qurmaq və istismar məqsədini həyata keçirmək üçün edildiyini söyləyə bilərik. O zaman doğrudan da biz məsələnin islamofobiyadan daha böyük bir hadisə olduğunu görərik. Məsələ ondadır ki, bu gün Avropanın siyasi-dini düşüncəsi sivilizasiyaların və dinlərin qarşıdurması fəlsəfəsinə söykənir. Ancaq bu, şübhəsiz ki, əməkdaşlıq, tərəfdaşlıq fəlsəfəsi ilə əvəzlənməyənə qədər biz İslam aləminə qarşı bu cür hücumları görəcəyik. Azərbaycan Prezidenti buna qarşı müqavimət göstərməyin üsullarından da danışdı və dedi ki, gücümüz birlikdədir və Azərbaycan İslam həmrəyliyi üçün əlindən gələni edir. Doğrudan da, bu gün Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatı ölkələri çərçivəsində, həm Türk Dövlətləri Təşkilatı əməkdaşlığı çərçivəsində daim dini dəyərlərimizə sahib çıxır, İslam dininin dünyaya yenidən tanıdılması üçün müvafiq tədbirlər həyata keçirir, İslam dininin sülh fəlsəfəsinin izah olunması üçün əlindən gələni edir. Azərbaycan əslində əldə etdiyi tarixi zəfərdən sonra bir daha dinlərə qarşı nə qədər tolerant olduğunu və dinləri sülh vasitəçiliyi gücü kimi gördüyünü işğaldan azad olunmuş torpaqlarımızda bərpa olunan müxtəlif dinlərə aid dini-mədəni abidələrin bərpasında da göstərdi. Mən düşünürəm ki, bu özü yaxşı bir nümunədir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən