İlham Əliyev Ramil Usubovu və həmkarlarını qəbul etdi FOTO - YENİLƏNİB

 16:11 17.09.2026     242

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

- Salam. Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.

Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.

Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.

Həmçinin deməliyəm ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.

Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.

Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.

TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.

Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.

Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində.

Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük.

Bildiyiniz kimi, mən TDT-yə üzv ölkələrə tez-tez səfər edirəm. Elə keçən ay Özbəkistana, Qırğızıstana iki səfərim oldu, Türkiyədə də, Türkmənistanda da tez-tez oluram. Buna görə də TDT məkanında müşahidə etdiyimiz müsbət dəyişikliklərin özüm şahidiyəm. Bütün bunlar qardaşlarımız üçün sevinc və qürur hissi doğurur.

Əlbəttə, sizin müzakirə edəcəyiniz əsas mövzu daim diqqət tələb edən təhlükəsizlik sistemi ilə bağlı məsələlər olacaq. Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir.

Artıq dediyim kimi, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Bakıda keçiriləcək şura çərçivəsində bütün bu məsələlər müzakirə olunacaq. Lakin bunlar həm də daim ölkələrimizin rəhbərliyinin nəzarətindədir.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi.

Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq.

Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik.

Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.

Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik.

Beləliklə, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq.

Sonda daha bir məqamı qeyd edəcəyəm. Qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir. Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir.

Beləliklə, sizə uğurlu iş arzulayıram, sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!

X X X

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov dedi:

-İcazə verin, bir daha təşəkkür edim ki, həmkarlarımın da müraciətlərini, xahişlərini nəzərə aldınız. Baxmayaraq işiniz çoxdur, bilirəm, amma Siz bizi qəbul etdiniz və gözəl də tövsiyələr verdiniz. Gündəlikdəki məsələlər əsasən elə Sizin, digər Türk Dövlətləri Təşkilatının rəhbərlərinin qarşılıqlı tövsiyələri əsasında hazırlanmış, xüsusən də Qəbələ Bəyannaməsi əsasında hazırlanmış məsələlərdir. Biz bunu icazənizlə müzakirə edəcəyik. Həmçinin həmkarlarım da xahiş edirlər, imkan olsa onlar da qısa çıxış etsinlər.

Prezident İlham Əliyev: Bəli, əlbəttə. Buyurun. Kim istəyirsə, buyursun.

X X X

Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva dedi:

- Çox hörmətli İlham Heydər oğlu, ilk növbədə, bugünkü qəbula görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Azərbaycanda olmaq mənim üçün böyük sevincdir.

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərdiyiniz səmimi qəbula görə minnətdarlığımı bildirim, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin ən səmimi salamlarını çatdırım.

İki ölkə arasında dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə Sizin xüsusi diqqətiniz və şəxsi töhfəniz ölkəmizdə yüksək qiymətləndirilir. Qazaxıstan üçün Azərbaycan xüsusi ölkədir. Xalqlarımızın tarixi, etnik, mədəni yaxınlığından və qardaşlığından əlavə, bizi iqtisadi sahədə təbii qarşılıqlı maraqlar da bağlayır. Bütün istiqamətlər üzrə konkret məzmunla zəngin əməkdaşlığımız uğurla inkişaf edir. Bunu iqtisadi əlaqələrin gücləndirilməsinə və Trans-Xəzər infrastrukturunun formalaşdırılmasına yönəlmiş birgə iri layihələrimiz, o cümlədən Xəzər dənizinin dibi ilə optik-lif rabitəsinin yaradılmasını nəzərdə tutan nadir layihə də təsdiq edir.

Sizin səyləriniz sayəsində Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edib.

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına rəhbərlik edərək, milli maraqların qorunması, sülh və sabitliyin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirirsiniz. Müasir geosiyasi şəraitdə təhlükəsizlik problemləri getdikcə daha kompleks xarakter alır. Siz bunu indicə çox yaxşı qeyd etdiniz. Terrorizm və ekstremizmin, mütəşəkkil cinayətkarlığın yeni formaları, informasiya sahəsində və kiberməkanda təhdidlər əlaqələndirilmiş fəaliyyətin və təcrübənin daimi mübadiləsini tələb edir.

Ölkələrimizin Təhlükəsizlik şuralarının aparatları arasında, həmçinin çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini vacib hesab edirik və onların arasında Türk Dövlətləri Təşkilatı xüsusi yer tutur.

Bu gün mən ilk dəfə burada Təhlükəsizlik Şurası sədrinin müavini qismində iştirak edirəm. Biz həmkarlarımızla Azərbaycan tərəfinin təklif etdiyi çox aktual gündəliyi nəzərdən keçirəcəyik. Əminəm ki, işimizin nəticələri ümumi çağırışlara vaxtında reaksiya verilməsinə xidmət edəcək və TDT məkanında sabitliyin təmin olunmasına mühüm töhfə verəcək.

Əminəm ki, qarşılıqlı etimadın yüksək səviyyəsi və strateji maraqların yaxınlığı bundan sonra da əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək.

Hörmətli İlham Heydər oğlu, səmimi qəbulunuza görə Sizə bir daha təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə tükənməz enerji, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun. İlk növbədə, sizi çox mühüm və məsuliyyətli vəzifəyə təyin olunmağınız münasibətilə təbrik etmək istərdim. Siz Azərbaycanda dəfələrlə olmusunuz və Prezident Kasım-Jomart Kemeleviç Tokayevi bizdə qonaq olanda, o cümlədən Qarabağa səfərimiz zamanı müşayiət etmisiniz. Buna görə də, ilk növbədə, ölkələrimiz arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əvvəlki vəzifənizdə gördüyünüz işə görə sizə təşəkkür etmək və yeni məsuliyyətli fəaliyyətinizdə hər cür uğurlar arzulamaq istərdim.

Münasibətlərimizə gəldikdə isə qeyd etdiyiniz kimi, onlar strateji, müttəfiqlik və qardaşlıq xarakteri daşıyır. Bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik. Əlbəttə, qeyd etdiyiniz optik lifli kabel layihəsi, – artıq demək olar ki, açılışa hazır olan bu layihə, – həm ölkələrimiz, həm də daha geniş coğrafiya, o cümlədən Türk Dövlətləri Təşkilatı məkanının coğrafiyası üçün mühüm əhəmiyyət daşıyır.

Əminəm ki, biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Əlbəttə, Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm. Siz Kurmanqazı adına İncəsənət Mərkəzinin açılışında iştirak etmisiniz. Hazırda orada çoxlu gənc qarabağlı təhsil alır və onlar görürlər ki, bu, qardaş xalqın hədiyyəsidir. Bununla da onlar Qazaxıstanı daha çox sevirlər. Çox sağ olun, sizə bütün işlərinizdə uğurlar arzulayıram.

X X X

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev dedi:

-Hörmətli İlham Heydər oğlu, icazənizlə mən də təşəkkürümü bildirmək istəyirəm. Sizin qəbulunuzda olmaq və Təhlükəsizlik şuralarının baş katibləri ilə görüşünüz də dövlət başçılarımızın ilk növbədə təhlükəsizlik məsələlərinə diqqətinin təzahürüdür.

Siz qeyd etdiyiniz kimi, biz həqiqətən də tarix, mədəniyyət, dil və din əsasında yaradılmış nadir təşkilatıq. Qeyd etdiyiniz kimi, biz məhz bununla fərqlənirik. Eyni zamanda, Siz də bildirdiyiniz kimi, əhalimiz demoqrafik cəhətdən artır. Bu gün bizdə məcmu ÜDM 2,4 trilyondur və bu, dünyada təxminən on ikinci yer deməkdir. Bununla yanaşı, ticarət dövriyyəsi ildən-ilə artır və 1,7 trilyondur. Bu, həmçinin təşkilatımızın iqtisadi cəhətdən necə gücləndiyini göstərir.

Bugünkü görüşün mövzusu təhlükəsizlikdir. Təkcə son 10 gündə Qazaxıstanda, Astanada Daxili İşlər nazirliklərinin rəhbərləri, daha sonra isə Türküstanda Baş prokurorlar görüşüblər. İki gün əvvəl Siz dini liderləri qəbul etdiniz. Oktyabrın 1-də müdafiə sənayesi rəhbərlərinin də görüşü keçiriləcək. Bütün bunlar qısa müddət ərzində baş verir.

Hazırda bizdə xarici siyasətdən tutmuş mədəniyyətə qədər 63 mexanizm və platforma mövcuddur. Siz bu gün gəncləri bir neçə dəfə xüsusi qeyd etdiniz. Hörmətli Aida Qalımovnanın özü gənclərə və mədəniyyətə rəhbərlik edirdi. Bizdə təhlükəsizlik məsələləri həqiqətən çox aktualdır.

Nisbətən başqa vacib məsələlərə gəldikdə, bizdə temp durmadan artır. Bizdə həmin 63 istiqamətdə yalnız görüşlər keçirilmir, konkret qərarlar qəbul edilir, bəyannamələrdə və çıxışlarınızda qarşıya qoyulan konkret tapşırıqlar liderlər tərəfindən yerinə yetirilir. Xüsusən də Sizin təşəbbüsünüzlə keçirilən liderlərin qeyri-rəsmi görüşü böyük əhəmiyyətə malikdir.

Düşünürəm ki, bizim nadirliyimiz, həmçinin birliyimizdədir. Biz deyirik: “Birlikdə güclüyük”. Siz iki gün əvvəl dini liderlərlə görüşdə də bu barədə danışdınız. Biz bütün istiqamətlərdə birlikdə olsaq, məhz belə dünyada təhlükəsiz olacağıq və inkişaf edəcəyik. Sağ olun.

X X X

Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş dedi:

-Cənab Prezident, çox təşəkkür edirik.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərini qəbul etdiyiniz üçün çox təşəkkür edirik. Çıxışınız həqiqətən çox təsiredici, bir dərs xarakterli idi. Son dərəcə diqqətlə dinlədik. Əslində bu gün biz bütün bu mövzuları müzakirə edəcəyik.

Mən burada özümü Türkiyədəki kimi hiss etdim. Sanki bizim dövlət rəhbərlərimiz çıxış edirmişlər kimi hiss etdim. Hadisələri son dərəcə səmimi, çox dəqiq və əhatəli şəkildə ifadə etdiniz.

Cənab Prezident, dünyada baş verən münaqişələrin tam da bizim ətrafımızda baş verdiyini görürük. Bu müharibələr və münaqişələr mühitinə baxmayaraq, burada olan, bu masa ətrafında olan ölkələrin, bizim Türk Dövlətləri Təşkilatının əslində bir sabitlik adası olduğunu da görürük. Həm bizim ölkəmiz, həm Can Azərbaycan, həm Qazaxıstan, Özbəkistan, Qırğızıstan, - aramızda Şimali Kipr Türk Cümhuriyyəti da var. Dəvətə görə çox təşəkkür edirik. Çox şeylər öyrəndik, cənab Prezident.

Biz görürük ki, XX əsrin balansı artıq dəyişib, bunun, demək olar ki, başa çatdığını müşahidə edirik. Beynəlxalq hüququn, beynəlxalq prinsiplərin dəyişdiyini müşahidə edirik. Biz yenə də Türk Dövlətləri Təşkilatı olaraq, bu təşkilatın üzv ölkələri olaraq beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə axıra qədər bağlı qalacağıq. Buna heç bir şübhə yoxdur.

Amma tarazlıq və nizam dəyişir, əslində bütün dünya bizi izləyir. Yəni biz heç vaxt nə bölgəmiz üçün, nə də digər ölkələr üçün heç bir şəkildə təhdid deyilik. Lakin baş verən proseslərdən çıxardığımız çox mühüm dərslər var. Cənab Prezident, baş verən münaqişələrin artıq regionlara keçdiyini də görürük.

Yaxşı ki, biz Türk Dövlətləri Təşkilatı olaraq bu təməlləri 1992-ci illərdə qoyduq. Bu təşkilatın 34 illik tarixi var. Əslində hələ qət edəcəyimiz çox məsafənin olduğunu Zati-aliniz də söylədi. Biz də bunun həqiqətən çox fərqindəyik. Amma yenə də hər ötən gün daha yaxşıya doğru gedirik.

Bu mənim Bakıya bəlkə də yeddinci səfərimdir. Cənab Prezident, daha əvvəl də AFAD-ın rəhbəri idim, Zati-aliniz məni qəbul etmişdi. Buraya da bir hədiyyə gətirdim. Kahramanmaraşdakı Azərbaycan məhəlləsi, Zati-aliniz oraya gəlmişdiniz, bilirsiniz.

Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi.

Prezident İlham Əliyev dedi: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi.

Okay Memiş dedi: Cənab Prezident, bu, inanılmaz bir hadisədir. Yəni bu, əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil.

Cənab Prezident, fevralın 6-da, demək olar ki, 2 min atom bombası böyüklüyündə enerji yarandı. Ancaq buna baxmayaraq, Siz dostlarımız sayəsində, cənab Prezidentimizin rəhbərliyi, böyük türk millətimizin sayəsində hazırda 550 min evi, Maraşda da möhtəşəm Azərbaycan məhəlləsini təhvil verdik. Əslində, bu, həmrəyliyin çox konkret göstəricilərindən biri idi.

Biz özümüzü burada evimizdəki kimi hiss edirik. Bizim aramızdakı ən böyüyümüz, cənab Ramil Usubov qardaşımız bizə hər dəfə çox yüksək səviyyədə qonaqpərvərlik göstərir. Hətta fikirləşirik ki, biz Türkiyəyə qayıdanda qardaşlarımıza necə qonaqpərvərlik göstərəcəyik.

Cənab Prezident, Zati-alinizin liderliyi çox önəmlidir. Xüsusilə Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi müddətində uzaqgörən liderliyinizlə gördüyünüz işlər çox əhəmiyyətli oldu. Sizin hər açıqlamanızı izləyirik, yəni Türkiyədə çox əks-sədası olur.

Bizim Milli Təhlükəsizlik Şurasının iclaslarında, cənab Prezidentimizin rəhbərliyi ilə keçirdiyimiz toplantılarda Türk Dövlətləri Təşkilatı mütləq gündəm olur, yəni dünyada nə qədər hadisə baş verirsə-versin. Çünki bu bizim üçün həqiqətən çox mühümdür, demək olar ki, bir milli məfkurədir.

Həm Azərbaycanın, həm bu masa ətrafında təmsil olunan bütün ölkələrin hər gün inkişaf etdiyini, böyüdüyünü görmək həqiqətən bizim gələcəyə çox ümidlə baxmağımıza səbəb olur.

Mən bir daha cənab Ramil Usubov qardaşımıza bizi müşayiət etdiyi üçün səfirimizə və bütün dostlara Zati-alinizin şəxsində təşəkkür edir, ehtiramımı bildirirəm.

X X X

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisiniz.

Siz də qeyd etdiyiniz kimi, Azərbaycanda dəfələrlə olmusunuz və Azərbaycan da sizin vətəninizdir, necə ki, Türkiyə. Bütün türk cümhuriyyətləri bizim vətənimizdir.

Türkiyə-Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Yəni Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə.

Təbii ki, 2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığım Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Biz, əslində, ondan əvvəl də müttəfiq idik, amma bu Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir.

Siz də qeyd etdiyiniz kimi, biz hamımız beynəlxalq hüququn üstünlüyünü qəbul edirik və bu gün dünyada beynəlxalq hüquqdan başqa bir mexanizm yoxdur. Ancaq o da həqiqətdir ki, beynəlxalq hüquq bir çox hallarda pozulur və “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Buna qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Ona görə bizim təşkilatdakı ab-hava, mövqe, təşkilata üzv ölkələrin mövqeyi beynəlxalq hüququn normalarının ali prinsiplər kimi bütün dünya tərəfindən qəbul edilməsi çox önəmlidir. Əminəm ki, siz bu gün bu barədə də danışacaqsınız.

Bir daha sizi salamlayıram. Xoş gəlmisiniz.

X X X

Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov dedi:

-Hörmətli İlham Heydər oğlu.

Çox gərgin iş qrafikinizə baxmayaraq, bizi şəxsən qəbul etmək qərarına gəldiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev Sizə böyük və səmimi salamlarını çatdırmağı xahiş edib.

Biz Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə Azərbaycanın dinamik tərəqqisinə, iqtisadiyyatın, sosial sahənin və infrastrukturun inkişafı istiqamətində qazandığı möhtəşəm nailiyyətlərə səmimi-qəlbdən heyranıq.

Sizin ardıcıl sülhsevər siyasətiniz sayəsində göstərdiyiniz səylər nəticəsində bu gün Cənubi Qafqaz köklü şəkildə transformasiya olunur və firavan, sülhün hökm sürdüyü region statusunu möhkəmləndirir. Bu, qarşılıqlı iqtisadi-ticari və nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin TDT ölkələri arasında vahid əməkdaşlıq məkanının formalaşdırılması üçün geniş perspektivlər açır.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi münasibətilə Sizi səmimi-qəlbdən təbrik etmək istəyirəm. TDT-nin beynəlxalq nüfuzunun və siyasi statusunun möhkəmləndirilməsinə mühüm töhfə verən bir sıra böyük tədbirlər keçirilib.

TDT-nin Qəbələdə keçirilmiş Zirvə görüşündəki çıxışınızla diqqətlə tanış oldum. Siz həmin çıxışınızda strateji baxış və çağırışları dərindən dərk etdiyinizi nümayiş etdirərək, regional sülh və təhlükəsizliyin sədrliyin əsas prioritetlərindən biri olduğunu vurğuladınız. Siz də haqlı olaraq qeyd etdiyiniz kimi, bu gün sülh və təhlükəsizlik istənilən dövlətin inkişafının əsas amilləridir. Özbəkistan müasir qlobal çağırışlar şəraitində TDT-ni sabitliyin, rifahın və əlaqələndirmənin təmin edilməsində səmərəli mexanizmə çevirmək barədə Sizin strateji təşəbbüsünüzü tam dəstəkləyir. Bu baxımdan bizim fikrimizcə, təşkilatın təhlükəsizlik şuraları katiblərinin görüşü ölkələrimizin müdafiə və təhlükəsizlik sahəsində dialoqunun dərinləşdirilməsi üçün əlaqələndirici platformaya çevrilməlidir.

Hörmətli İlham Heydər oğlu, Özbəkistan və Azərbaycan prezidentləri arasında səmimi, açıq və etimad üzərində qurulan dialoq ölkələrimizin görünməmiş yaxınlaşmasının əsas hərəkətverici qüvvəsinə çevrilib. Sizin ölkəmizə bu yaxınlarda dövlət səfəriniz çərçivəsində əbədi dostluq haqqında tarixi müqavilə imzalanıb və bu sənəd Özbəkistan-Azərbaycan münasibətlərində tamamilə yeni bir dövrün başlanğıcını qoyub. Dövlətimizin başçısı qarşımıza konkret vəzifələr qoyub ki, Daşkənddə əldə olunmuş bütün razılaşmaların vaxtında həyata keçirilməsi üçün var qüvvə və imkanlarımızı səfərbər edək. Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana bugünkü səfərinin məqsədi məhz bu vəzifələrin həyata keçirilməsi ilə bağlıdır.

Fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin görüşünün keçirilməsi üçün yaratdığınız möhtəşəm şəraitə görə Sizə təşəkkürümü bildirmək istərdim. Əminəm ki, görüş konstruktiv dialoq ruhunda keçəcək, əsas məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə imkan verəcək və onun nəticələri təşkilatımızın bütün məkanında təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Sonda Sizə, hörmətli İlham Heydər oğlu, məsuliyyətli fəaliyyətinizdə qardaş Azərbaycan xalqının rifahı və tərəqqisi naminə bundan sonra da uğurlar və yeni nailiyyətlər arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi:

-Xoş sözlərinizə görə təşəkkür edirəm. Xahiş edirəm, Şavkat Miromonoviçə də ən xoş arzularımı və Özbəkistana dövlət səfərim zamanı mənə və ailə üzvlərimə göstərdiyi qonaqpərvərliyə görə bir daha minnətdarlığımı çatdırın.

Bildiyiniz kimi, biz mütəmadi olaraq ölkələrimizə səfərlər edirik və mən artıq Özbəkistanın bir çox tarixi məkanlarında – həm Səmərqənddə, həm Xivədə, indi isə artıq Buxarada olmaq imkanı əldə etmişəm.

Özbəkistanın zəngin tarixi və mədəni irsi məndə böyük təəssürat yaratmaqla yanaşı, məni çox heyrətləndirən daha bir məqam regionların sürətli inkişafı oldu.

Daşkəndə gəldikdə isə bəli, Şavkat Miromonoviç Daşkəndin inkişafına çox böyük diqqət yetirir və əlbəttə, onun təşəbbüsü ilə həyata keçirilən layihə – Yeni Daşkənd. Biz birlikdə orada olduq və mən necə böyük miqyasda şəhərsalma işlərinin aparıldığının şahidi oldum.

Lakin regionların da tarixi görkəmin və mədəni ənənələrin qorunub saxlanılması ilə yanaşı, eyni dərəcədə sürətlə inkişaf etməsi, müasir infrastrukturun yaradılması Özbəkistanın belə ardıcıl inkişafının parlaq göstəricisidir. Əlbəttə, Daşkənddə universitet binasının qarşısında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə xüsusi təşəkkürümü bildirirəm. Biz bu abidənin açılışını da birlikdə etdik. Bu, bir daha belə möhkəm tarixi köklərin mövcudluğunu göstərir.

Bakıda Əlişir Nəvainin abidəsi çoxdan ucaldılıb, indi isə Daşkənddə Nizami Gəncəvinin abidəsi var. Onlar müxtəlif dövrlərdə yaşasalar da, xalqlarımızın böyük nümayəndələridir. Onların arasındakı belə mənəvi bağlılıq və ən əsası, xalqlarımızın tarixində qoyduqları iz sarsılmazdır.

Ona görə də Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik.

Sizə hər şeyin ən yaxşısını və Azərbaycanda xoş istirahət arzulayıram.

X X X

Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov dedi:

-Hörmətli İlham Heydər oğlu.

İcazə verin, ənənəvi Azərbaycan qonaqpərvərliyinə görə Sizə səmimi minnətdarlığımı bildirim. Təhlükəsizlik məsələlərinə göstərdiyiniz şəxsi diqqəti və bizi, təşkilatın Təhlükəsizlik şuralarının katiblərini qəbul etmək qərarınızı ayrıca qeyd etmək istərdim.

Bu fürsətdən istifadə edərək, Qırğız Respublikasının Prezidenti, hörmətli Sadır Nurqojoyeviç Japarovun Sizə ən səmimi salamlarını və xoş arzularını çatdırıram.

Qırğızıstanı və Azərbaycanı dərin tarixi köklər bağlayır. Xalqlarımızı mənəvi yaxınlıq, ümumi dəyərlər və səmimi qarşılıqlı hörmət birləşdirir. Bu gün Qırğızıstan ilə Azərbaycan arasında tam etimad, açıqlıq və qarşılıqlı dəstək mühiti formalaşıb. Xüsusilə vacib olan budur ki, ikitərəfli əməkdaşlıq keyfiyyətli yeni səviyyəyə yüksəlir. Siz çıxışınızda qeyd etdiyiniz, cari ilin yayında Qırğız Respublikasına dövlət səfəriniz çərçivəsində imzalanmış müqavilə ikitərəfli əlaqələrin inkişafında mühüm tarixi addım oldu. Əminəm ki, müttəfiqlik formatları münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün əlavə imkanlar açacaq.

Təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin inkişafı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, məhz etimad və operativ informasiya mübadiləsi mövcud çağırış və təhdidlərə vaxtında reaksiya verməyə imkan yaradır.

Hörmətli İlham Heydər oğlu, müasir çağırış və təhdidlər getdikcə daha çox transmilli xarakter alır: terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibertəhdidlər və müasir texnologiyalardan qanunsuz istifadə daim diqqət və əlaqələndirilmiş yanaşmalar tələb edir.

Bu şəraitdə qarşılıqlı etimada əsaslanan dialoq, peşəkar əlaqələr və vaxtında məlumatlandırma xüsusi əhəmiyyət kəsb edir. Məhz belə qarşılıqlı fəaliyyət müştərək maraq doğuran məsələlər üzrə razılaşdırılmış yanaşmalar hazırlamağa və səmərəli qərarların qəbulunu təmin etməyə imkan verir.

Qırğız Respublikası regionumuzda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin ardıcıl tərəfdarıdır. Bununla yanaşı, biz qarşılıqlı hörmət və ümumi maraqların nəzərə alınması əsasında bütün tərəfdaş dövlətlərlə konstruktiv fəaliyyətin vacibliyini əsas götürürük.

Əminəm ki, təşkilatın iştirakçısı olan ölkələrin Təhlükəsizlik şuralarının aparatları arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək, birgə praktiki tədbirlər isə qarşılıqlı etimadın və sabitliyin daha möhkəm təməlini təşkil edəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi:

- Təşəkkür edirəm. Bildiyiniz kimi, ötən ay hörmətli Sadır Nurqojoyeviçin dəvəti ilə Qırğızıstanda iki dəfə səfərdə oldum, - ona ən xoş arzularımı və qonaqpərvərliyinə görə bir daha minnətdarlığımı çatdırın, - həm İssık-Kulda Mərkəzi Asiya ölkələri və Azərbaycan rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində, həm də dövlət səfəri çərçivəsində. Eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında əldə olunan bütün uğurlar, Qırğızıstanın sürətli inkişafı münasibətilə də Sizi təbrik etmək istərdim.

Mən İssık-Kula ikinci dəfə səfər etdim. İlk dəfə kifayət qədər uzun müddət əvvəl orada olmuşdum. Əlbəttə, təkcə Qırğızıstanın deyil, hesab edirəm ki, dünyanın da incilərindən biri olan bu məkanın necə sürətlə inkişaf etdiyini görməmək və buna sevinməmək mümkün deyil. Müasir infrastruktur, müasir istirahət zonaları, hotellər, açılışında iştirak etdiyimiz möhtəşəm qolf-klub – bütün bunlar onu göstərir ki, Qırğızıstanın hazırkı rəhbərliyi öz köklərinə çox möhkəm bağlıdır və belə deyim, Sadır Nurqojoyeviçdən əvvəl itirilmiş imkanların bərpası üçün çox böyük işlər görür.

Onun işi bizdəkindən daha çətindir. Çünki o, vəziyyəti mənfi birinci mərtəbədən başlayaraq yüksəltməli idi. Lakin ölkənin necə inkişaf etməsi, tədbirlərin necə təşkil olunması, – çünki Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlər ən yüksək səviyyədə təşkil olunmuş ən böyük beynəlxalq tədbirlərdir, – bütün bunlar həm tədbirlərin keçirildiyi məkan, həm iştirakçıların yerləşdirilməsi, həm təşkilati məsələlər, həm də yeni stadionda nümayiş etdirilən möhtəşəm təqdimat baxımından yüksək səviyyədə təşkil olunub və bütün bunlar böyük xərclər tələb edir. Bu isə o deməkdir ki, iqtisadiyyat işləməlidir. Əks halda heç bir layihəni həyata keçirmək mümkün deyil. Ona görə də Sizi, bütün qardaş Qırğızıstan xalqını bir daha təbrik etmək istərdim.

Əlbəttə, səfər çərçivəsində Qırğızıstan ilə Azərbaycan arasında müttəfiqlik haqqında Müqavilə imzalandı. Mən artıq qeyd etdim ki, demək olar, bütün ölkələrlə, – Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla, – müttəfiqlik münasibətlərimiz var. Həmkarımızın qeyd etdiyi kimi, Özbəkistanla biz əbədi dostluq haqqında müqavilə imzalamışıq. Yəni beynəlxalq təcrübədə bundan yüksək səviyyədə münasibət yoxdur.

Bütün bunlar ikitərəfli formatdan əlavə, təşkilatımızı möhkəmləndirir. Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir. Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.

Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı.

Sadəcə olaraq, beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü, lakin bu, öz-özünə baş verməmişdi. Onu həyata keçirməli olan qurum, – BMT Təhlükəsizlik Şurası, – sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır.

Buna görə də münaqişələrin qarşısını almaq və ya onlar artıq baş veribsə, onları sülh yolu ilə həll etmək üçün hansı mexanizm mövcuddur? Yalnız beynəlxalq hüquq. Buna görə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elə bir mexanizm hazırlamaq lazımdır ki, bu mexanizm qətnamələrin həyata keçirilməsinə gətirib çıxarsın. Əks halda, bu, seçici yanaşmadır.

Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq.

Ona görə də bu məsələlər daha qlobal xarakter daşıyır. Lakin bir daha demək istəyirəm ki, biz birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə gücləndirməliyik ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar bizim, ölkələrimizin əlindədir. Buna birgə səylərlə nail olacağıq.

Beləliklə, bir daha “Xoş gəlmisiniz!”, uğurlar arzulayıram və bizə tez-tez gəlin.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

2222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən