"Türk dünyası artıq regional deyil" – Deputat
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin rəhbərlərinin Rəhbərlər Şurasının üzvlərindən, “Yəhya Bakovi” Beynəlxalq Konfransının həmtəsisçilərindən və təşkilatçılarından, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən qeyd etdiyi məqamlardan biri də Türk dünyasının inteqrasiyası və Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə bağlı olub.
Bu barədə Redaktor.az-a danışan deputat Vüqar Bayramov bildirdi.
Onun sözlərinə görə, “Türk dünyası: dialoq, ortaq gələcək, ortaq vizyon” panelinin keçirilməsi Türk dünyasının inteqrasiyası ilə bağlı vahid yanaşmanın formalaşdığını göstərir:
“Azərbaycan bu istiqamətdə, xüsusən Türk dövlətlərinin inteqrasiyasına hesablanan strategiyanı praktiki olaraq həyata keçirir. Bütün bunlar Türk dünyasının və Türk dövlətlərinin vahid siyasət həyata keçirməsinə birbaşa zəmin yaradır. O baxımdan, təbii ki, proses həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan Türk dünyasının vahid platformada birləşməsinə və vahid siyasət həyata keçirməsinə imkan verəcək.
Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları, Ermənistanla Türkiyə arasında normallaşma prosesi fonunda TRİPP layihəsinin reallaşması ilə bağlı işlər də sürətlənir, bütün bunlar nəticə etibarilə Türk dövlətlərini birləşdirən coğrafiya üzərindən yükdaşımaların artmasına, nəqliyyat və logistikanın inkişafına töhfə verəcək.
Bu da ondan xəbər verir ki, Türk dünyasının inteqrasiyası, Türk dövlətləri arasında iqtisadi əlaqələrin ciddi şəkildə güclənməsi müşahidə olunur. Xüsusən Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında strateji və sistemli fəaliyyətin həyata keçirildiyini müşahidə edirik.
Burada bir tərəfdən ticarət dövriyyəsinin artması müşahidə olunur və yeni hədəflər müəyyənləşdirilir, digər tərəfdən isə investisiya, nəqliyyat-logistika, yaşıl enerji, o cümlədən İT və süni intellekt sahələrində əməkdaşlığın güclənməsi müşahidə olunur".
V.Bayramovun fikrincə, bütün bunlar ondan xəbər verir ki, Türk dünyası artıq regional deyil, qlobal səviyyədə geosiyasi mövqeyini gücləndirən bir gücə çevrilir:
"Bütün bunlar həm də Türk dövlətlərinin inkişafına və nəticə etibarilə qarşılıqlı inteqrasiya və əməkdaşlıq nəticəsində daha da güclənməsinə zəmin yaradır”.
NURİYYƏ













