“Yanğın qapımızın ağzındadır” - Hulusi Kılıç regiondakı vəziyyətdən DANIŞDI

 18:03 17.09.2026     104

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hakan Fidan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən qəbul edilib. Daha sonra həmkarı Ceyhun Bayramovla son dərəcə faydalı görüş keçirib. Eyni zamanda, müdafiə naziri Zakir Həsənovla da çox mühüm görüş baş tutub”.

Bu barədə Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin üzvü Hulusi Kılıç bildirdi.

Siyasətçi əlavə etdi ki, səfərin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 108-ci ildönümünə təsadüf etməsi də ayrıca əhəmiyyət daşıyır:

“Bu, xüsusilə müdafiə və təhlükəsizlik sahəsində iki ölkə arasındakı qardaşlıq münasibətlərinin tarixi köklərini bir daha xatırladan mühüm məqamdır. Səfər zamanı çox mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İlk növbədə, Türkiyə-Azərbaycan münasibətləri nəzərdən keçirilib, siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Siyasi münasibətlərlə yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi, ixrac və idxal imkanlarının artırılması, iki ölkə arasındakı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün atılacaq əlavə addımlar da müzakirə edilib”.

Müsahibimizin sözlərinə görə, hərbi sahədə birgə təlimlər, müdafiə və təhlükəsizlik əməkdaşlığı məsələləri diqqət mərkəzində olub:

“Nəqliyyat sahəsində isə Orta Dəhliz, Zəngəzur dəhlizi, Qars-İğdır-Dilucu-Aralıq dəmir yolu layihəsi kimi mühüm layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, Azərbaycanın yaşıl enerjisinin Türkiyə üzərindən, o cümlədən Qara dəniz vasitəsilə Avropaya çatdırılması məsələsi də müzakirə olunan mühüm mövzulardan biri olub.

Bütün bunlar Türkiyə və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha geniş müstəviyə daşınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ermənistanla normallaşma prosesi də səfər çərçivəsində müzakirə olunan məsələlər sırasında olub. Türkiyə Azərbaycanın bu istiqamətdə apardığı siyasəti dəstəkləyir və Ermənistanla münasibətlərin mərhələli şəkildə inkişaf etdirilməsindən məmnunluq duyur. Bu məsələdə Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə koordinasiya və sıx əməkdaşlıq mövcuddur və bu siyasətin bundan sonra da davam etdiriləcəyi gözlənilir.

Səfərin digər mühüm istiqaməti regional məsələlərlə bağlı olub. Hazırda Türkiyə və Azərbaycanın ətrafında ciddi proseslər gedir. Bir tərəfdən İran, ABŞ və İsrail arasındakı müharibə, digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi regionda ciddi təhlükəsizlik çağırışları yaradır. Belə bir şəraitdə Türkiyə və Azərbaycanın sabitlik və təhlükəsizlik adası olması fikri xüsusi əhəmiyyət daşıyır. Bu münaqişələr regional sülhü təhdid edən mühüm məsələlərdir”.

H.Kılıç qeyd etdi ki, İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurma coğrafi baxımdan Azərbaycana çox yaxındır:

“Başqa sözlə, deyə bilərik ki, “yanğın qapımızın ağzındadır”. Rusiya-Ukrayna müharibəsi isə artıq dörd ildən çoxdur davam edir. Qara dənizdə gəmilərə hücumların həyata keçirilməsi də müharibənin daha geniş coğrafiyaya təsir etdiyini göstərir. Bütün bunlar region ölkələri üçün ciddi narahatlıq doğuran məsələlərdir.

Digər mühüm istiqamət Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələlərdir. Bu il Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünün Türkiyədə, oktyabrın 30-da keçirilməsi nəzərdə tutulur. Bu, türk dünyası baxımından çox mühüm hadisədir.

Türkiyə-Azərbaycan münasibətləri türk dünyası üçün əsas və aparıcı oxlardan biridir. İki ölkə arasındakı münasibətlər nə qədər inkişaf edirsə, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq da bir o qədər genişlənir. Azərbaycan və Türkiyə arasındakı mükəmməl münasibətlər Türk Dövlətləri Təşkilatında əməkdaşlığın inkişafına da birbaşa təsir göstərir.

Şuşa Bəyannaməsi ilə tarixdən gələn və tarixi bağlara söykənən münasibətlər artıq real əməkdaşlıq müstəvisinə keçib. Bu münasibətlər enerji, nəqliyyat, siyasi və hərbi sahələrdə özünü göstərməklə yanaşı, həm də institusional xarakter alıb.

Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri 21-ci əsrdə türk dünyasının və Avrasiyanın yüksələn geosiyasi reallıqlarından birinə çevrilib. Hakan Fidanın Azərbaycana rəsmi səfəri məhz bu baxımdan həm Türkiyə-Azərbaycan münasibətlərinin daha yüksək mərhələyə daşınması, həm də Türk Dövlətləri Təşkilatında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm addım olub.

Eyni zamanda, səfər regional əməkdaşlığın genişləndirilməsi və mövcud problemlərin həlli baxımından da əhəmiyyətlidir. Səfər çərçivəsində bu ay Birləşmiş Millətlər Təşkilatında keçiriləcək Baş Assambleyanın növbəti sessiyası ilə bağlı da ilkin fikir mübadiləsi aparmaq imkanı yaranıb. Bu baxımdan, səfəri son dərəcə məhsuldar və uğurlu hesab etmək olar.

Müdafiə naziri Zakir Həsənovla keçirilən görüşdə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə sənayesi və regional sabitlik məsələlərinin müzakirə edildiyi anlaşılır. Səfərin Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 108-ci ildönümünə təsadüf etməsi isə müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığa xüsusi məna və tarixi çalar qatır”.

Keçmiş səfir hesab edir ki, bu səfər həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə region və dünya üçün mühüm mesajlar daşıyır:

“İki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsi regional sabitliyə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına, eyni zamanda türk dünyasının inteqrasiyasına mühüm töhfə verə bilər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən