"Bu da bir erməni hiyləgərliyidir" - Deputatdan Simonyana REAKSİYA

 17:00 17.09.2026     146

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycandan təbii qaz ala biləcəyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, artıq Azərbaycanla Ermənistan arasında müəyyən iqtisadi-ticarət münasibətləri formalaşmağa başlayıb.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən tranzit olaraq Ermənistana müxtəlif məhsulların daşınması ilə yanaşı, ölkəmiz Ermənistana neft məhsullarının satışına da başlayıb:

"Yəni həm Azərbaycan ərazisindən tranzit olaraq digər ölkələrdən Ermənistana gələn müəyyən məhsullar keçir, həm də Azərbaycan neft məhsullarının artıq Ermənistana satışına başlayıb. Artıq neçə dəfədir ki, Azərbaycan həm dizel yanacağını, həm benzini Ermənistana satır. Ermənistanla əlaqələr prezidentimizin apardığı dayanıqlı sülh konsepsiyasının tərkib hissəsi kimidir. Ola bilsin ki, biz Ermənistana qaz ixracını da qaydaya sala bilərik. İndi nə qədər, necə, artıq burada məsələlər iqtisadi sahənin, mütəxəssislərin işidir".

E.Məmmədov hesab edir ki, Ermənistanın Azərbaycandan qaz almaqla bağlı açıqlamasının arxasında siyasi məqsədlər də dayana bilər:

"Nədir bu? İndi Rusiyanı belə qorxudur, hədələyir ki, əgər siz qazın qiymətini qaldırsanız, təkcə demir ki, “mən Azərbaycandan, ya İrandan, ya hardansa qaz alaram”, həm də Rusiyanı belə hədələyir ki, “Gümrüdə hərbi bazanızı Ermənistan ərazisindən çıxaracağıq”. Onlar bu sahələrdə tarixən çox mahir oyunçulardır. Hər tərəfdən qazanmaq, hər şeydən istifadə etmək istəyirlər. Həm də Azərbaycanın adını qəsdən çəkirlər orada ki, görək Rusiya ilə Azərbaycan arasında bu qaz, bu məsələlərlə bağlı bir gərginlik, bir narahatçılıq, bir narazılıq yarada bilərikmi. Bu da bir erməni hiyləgərliyidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən