"Hikmət Hacıyev hədəfi dəqiq vurub" - AÇIQLAMA
"Ssentyabrın 11-12-də Azərbaycanda fəaliyyət göstərən 150-dən çox xarici diplomatın işğaldan azad olunmuş ərazilərə səfəri Ermənistanda şok effekti yaradıb".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi.
O qeyd etdi ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilən sayca 22-ci səfərin bu qədər ajiotaj doğurmasının əsas səbəbi erməni saxtakarlığının təkzibedilməz sübutlarla ifşa olunması, onların törətdiyi vandalizmin nümayiş etdirilməsi və işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin geniş şəkildə nümayiş etdirilməsi idi:

"Ermənilər uzun illər beynəlxalq aləmi saxta sənədlərlə aldatmağa çalışırdılar. Onlar iddia edirdilər ki, guya Qarabağın tarixi sakinləri olublar və Alban xristian abidələri də onlara məxsusdur. Hikmət Hacıyev isə həmin “tarixi sənədlərin” əslində kimyəvi üsullarla tərkibi və görünüşü dəyişdirilmiş kağızlardan başqa bir şey olmadığını diplomatlara bir-bir nümayiş etdirib.
Eyni zamanda, işğal dövründə dağıdılmış və xarabalığa çevrilmiş yaşayış məntəqələrinin sürətlə, planlı və zövqlə yenidən qurulması da Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi bərpa prosesinin miqyasını göstərirdi. Bu quruculuq işləri onu da nümayiş etdirirdi ki, öz torpaqlarının əsl sahibi olan insanlar dağıtmır, əksinə, qurur, yaradır və həmin əraziləri yenidən canlandırırlar.
Bununla yanaşı, daha bir həqiqət çılpaqlığı ilə üzə çıxdı: erməni cəmiyyətində hələ də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etməyənlər kifayət qədərdir. Ermənistandan səslənən bu hay-küylərin isə heç nəyə yaramayacağı aydındır. Prezidentin köməkçisi Hikmət Hacıyev hədəfi dəqiq vurub".
Aytəkin TOFİQQIZI













