Azərbaycanda kitab oxuyana pul verilsin? – Fazil Mustafadan həmin qərara REAKSİYA
Xəbər verdiyimiz kimi, Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib.
Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, Sinqapurda tətbiq olunan bu üsulun Azərbaycanda da tətbiqi mümkündür.
"Yəqin ki, Sinqapurda real vəziyyəti araşdırıb belə bir addım atıblar. Bizdə belə məsələlər birinci növbədə sosioloji tədqiqat predmeti olmalıdır. Görək, insanların buna reaksiyası nədir, bunu hansı formada həyata keçirmək faydalı olar. Ondan sonra da başqa məsələləri düşünmək olar.
Məncə, Sinqapurun tələbatına uyğun olaraq orada tətbiq olunan bir üsulu sırf ona görə bizim də tətbiq etməyimiz mütaliə mədəniyyətini gücləndirməyəcək. İmkan yaratmaq lazımdır ki, kitab mağazaları açılsın, kitabın xərci azalsın, müxtəlif kitabların rahatlıqla çap edilməsi mümkün olsun. Tərcümə sektoru təkmilləşməlidir, tərcüməçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilməli və vəsait ayrılmalıdır ki, dünya ədəbiyyatını, dünya incilərini tərcümə etmək mümkün olsun.
Yəni bütün bunların hamısı şərtlərdir. Təkcə "kitab oxuyaq" deməklə, yaxşı tərcümə olunmamış əsəri oxumağın insana hansı zövqü verəcəyini proqnozlaşdırmaq olar? Bu sektora diqqət ayırmaq istəyiriksə, bir sıra məsələləri vaxtında həll etməliyik ki, sonradan insanları mütaliəyə həvəsləndirmək mümkün olsun.
Amma o həvəsləndirmənin heç bir ziyanı yoxdur. Hansısa bir metod tapılarsa, insanları gündəlik oxumağa təşviq edən addım atılarsa, bu, yaxşı bir şeydir. Bunun faydası da yəqin ki, olar. Amma bizdə dediyim şərtlər yerinə yetirilsə, daha effektiv nəticələr əldə etmək olar", - deyə millət vəkili yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













