“Karpat Səkkizliyi”nin əsas məqsədi nədir? - AÇIQLAMA

 17:36 18.09.2026     122

Məlumat verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski “Karpat Səkkizliyi” adlı yeni regional əməkdaşlıq formatının yaradıldığını açıqlayıb.

Politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında əməkdaşlıq formatının mahiyyətini izah edərkən bildirdi ki, yeni dünya düzəninin müttəfiqliklər üzərində qurulacağı ehtimallarının artdığı bir vəziyyətdə elan edilən "Karpat Səkkizliyi" əməkdaşlıq formatının gələcək mahiyyətinin iqtisadi və ya hərbi olacağı maraq doğurur:

"Rusiya təhdidi fonunda yaradılan bu formatın hərbi olacağı ehtimalı böyükdür. İqtisadi olaraq Avropa İttifaqı ölkələrinin əksəriyyət təşkil etdiyi belə format iqtisadi olaraq ancaq ikitərəfli münasibətlər çərçivəsində uğurlu ola bilər. Çünki Avropa İttifaqının iqtisadi maraqları və qanunları buna geniş tərkibdə fəaliyyət göstərməyə mane ola bilər. Hərbi olaraq bilavasitə Rusiya ilə ərazi olaraq yaxın olan bu ölkələrin NATO üzvü olan ölkələrinin bu formatda fəaliyyət göstərməsi NATO daxilində çatların yaranması dövrünə təsadüf etsə də, NATO-nun Mərkəzi və Şərqi Avropa qanadının bilavasitə regionda yerləşən ölkələrin öz imkanları hesabına daha da gücləndirilməsi məqsədi daşıya bilər. Əslində, yaradılan hər bir əməkdaşlıq formatının onu təşkil edən ölkələrin fərdi maraqlarından irəli gəldiyini, yəni bunda maraqlı olduğunu nəzərə alsaq, demək olar ki, belə format da ən azı həmin ölkələrin əməkdaşlığında yeni mərhələ ola bilər. Hesab edirəm ki, yaradılan bu format üzv ölkələrin bəlli təhlükələrə qarşı əməkdaşlığını gücləndirə, həm də çəkindirici xarakter daşıya bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən