Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq? - Türkiyəli general AÇIQLADI
Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək. Bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.
Maraqlıdır, görüş zamanı hansı məsələlər müzakirə oluna bilər?
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a açıqlamasında bildirdi ki, Ərdoğanla Tramp arasında keçiriləcək görüşü yalnız iki ölkə arasındakı növbəti diplomatik təmas kimi qiymətləndirmək düzgün olmaz:
"Bu görüş Yaxın Şərqdən Qara dənizə, Cənubi Qafqazdan Şərqi Aralıq dənizinə qədər uzanan geniş coğrafiyada təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrə təsadüf edir. Bu baxımdan görüşün əsas gündəliyinin regional təhlükəsizlik, müdafiə əməkdaşlığı və iqtisadi-ticari münasibətlər ətrafında formalaşacağını gözləmək olar. Regional təhlükəsizlik baxımından İran, Suriya və Qəzza məsələlərinin ön plana çıxacağı ehtimal edilir. İran ətrafındakı gərginliyin daha geniş regional qarşıdurmaya çevrilməsinin qarşısının alınması, Hörmüz boğazının və enerji marşrutlarının təhlükəsizliyi, Qəzzada davamlı siyasi həll perspektivi Ankara və Vaşinqton üçün mühüm müzakirə mövzularıdır. Xüsusilə Suriya məsələsi həm ortaq maraqların, həm də fikir ayrılıqlarının mövcud olduğu strateji dosye olaraq qalır. Türkiyə üçün Suriyanın ərazi bütövlüyü, sərhəd təhlükəsizliyi, terror təşkilatlarının təsirsizləşdirilməsi və ölkədə sabitliyin təmin olunması əsas prioritetlərdir".
Müsahibimizin fikrincə, görüşün ikinci mühüm istiqaməti müdafiə sənayesi və hərbi əməkdaşlıq olacaq:
"Uzun müddətdir Türkiyə-ABŞ münasibətlərində problem yaradan S-400 məsələsi, Türkiyənin F-35 proqramındakı gələcəyi və F-16 prosesi bu çərçivədə müzakirə edilə bilər. Bu məsələlərdə əldə ediləcək irəliləyiş yalnız ikitərəfli münasibətlərə deyil, NATO daxilində Ankara-Vaşinqton hərbi-strateji koordinasiyasına da təsir göstərəcək. Digər mühüm istiqamət iqtisadiyyat, enerji, ticarət və qarşılıqlı investisiyalardır. Ankara və Vaşinqtonun siyasi fikir ayrılıqlarını idarə etməklə yanaşı iqtisadi münasibətləri genişləndirmək niyyəti müşahidə olunur. Müdafiə sənayesi, aviasiya, enerji, texnologiya və böyük investisiya layihələri iki ölkə arasında yeni əməkdaşlıq sahələri yarada bilər".
General qeyd etdi ki, bu görüşün Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün də strateji əhəmiyyəti var.
"Türkiyə-ABŞ dialoqunun güclənməsi Azərbaycan–Ermənistan sülh prosesinə, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, enerji marşrutlarına və Orta Dəhlizin inkişafına dolayı təsir göstərə bilər. Cənubi Qafqaz artıq yalnız regional məsələ deyil; Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat, enerji və geosiyasi xəttin mühüm hissəsinə çevrilir. Burada Türkiyə-Azərbaycan strateji müttəfiqliyi regiondakı yeni geosiyasi düzənin əsas amillərindən biri olaraq qalır.
Nəticə etibarilə, görüşün strateji əhəmiyyəti yalnız İran, Suriya, Qəzza, S-400, F-35/F-16 və ya ticarət kimi ayrı-ayrı məsələlərin müzakirəsində deyil. Əsas məsələ Ankara və Vaşinqtonun dəyişən dünya düzənində münasibətlərini yeni və daha proqnozlaşdırıla bilən strateji çərçivəyə keçirib-keçirə bilməyəcəyidir. Əgər tərəflər fikir ayrılıqlarını idarə edə və ortaq maraqlar üzərində uzunmüddətli mexanizm yarada bilsələr, bunun nəticələri yalnız Türkiyə və ABŞ-yə deyil, Cənubi Qafqazdan Yaxın Şərqə qədər bütün regional güc balansına təsir göstərə bilər", - deyə Yücel Karauz vurğuladı.
Xədicə BAXIŞLI













