Paşinyan niyə “iki giriş, iki çıxış” dedi? - Politoloq AÇIQLADI
Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirərək, marşrutun Azərbaycan sərhədindən başlayıb yenidən Azərbaycanın sərhədində bitəcəyini vurğulayıb.
İrəvanın bu yanaşması Azərbaycan-Ermənistan münasibətlərində nə kimi siyasi mesajlar verir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi barədə danışarkən bəyan etmişdi ki, dəhlizin girişi və çıxışı Azərbaycandan olacaq:
"Ermənistanda bir qrup insan isə ciddi cəhdlə bunu anlamamağa çalışdı və hay-küy qaldırdı ki, bu nə deməkdir. Parlamentdə Paşinyana sual yönəltdilər ki, Ceyhun Bayramov nə demək istəyir. O da izah etdi ki, həqiqətən də Zəngəzur dəhlizi, yaxud TRIPP marşrutu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Təbii ki, dəhlizə giriş Azərbaycandan olacaq, eyni zamanda dəhlizin çıxışı da Naxçıvanda, yenə Azərbaycandan olacaq. Ancaq eyni zamanda Ermənistan ərazisindən də dəhlizə giriş və çıxış olacaq. Yəni Zəngəzur dəhlizinin, yaxud TRIPP marşrutunun iki girişi və iki çıxışı olacaq".
O qeyd etdi ki, Paşinyanın çıxışı çox sadə reallığın Ermənistanda bunu başa düşməyənlərə izahı idi:
"Burada yeni bir şey yoxdur. TRIPP marşrutu ilə əlaqədar ABŞ-də razılaşma imzalanıb və bu razılaşma Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya uyğun hesab edilib. Artıq bu istiqamətdə işlərin başlayacağı gözlənilir. Ancaq Ermənistanda müəyyən insanlar, təbii ki, bu prosesə mane olmağa və həqiqətləri təhrif etməyə çalışırlar. Paşinyan da məcbur olub bu məsələləri bir daha izah edib. Zəngəzur dəhlizinə giriş Azərbaycan ərazisindən olacaq, daha sonra Ermənistan ərazisində də həmin girişdə müəyyən dövlət strukturları fəaliyyət göstərəcəklər. Eyni proses çıxışda da təkrarlanacaq. Əvvəlcə Ermənistan ərazisində müəyyən yoxlamalardan keçiləcək, daha sonra Azərbaycan ərazisində müəyyən strukturlar fəaliyyət göstərəcək. Burada yeni heç nə yoxdur. Bu bəyanat heç nəyi dəyişdirmir. Sadəcə olaraq Azərbaycanın və Ermənistanın Zəngəzur dəhlizinin qısa müddətdə işə düşməsində maraqlı olduğunu və razılaşmalara sadiq qaldığını bir daha erməni ictimaiyyətinə çatdırmağa yönəlib".
Xədicə BAXIŞLI













