Nyu-Yorkda Tramp-Pezeşkian görüşü realdır? - Deputat AÇIQLADI

 12:50 21.09.2026     98

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bəyan edib.

Maraqlıdır, bəs liderlərin görüşü real ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd etdi ki, məlum olduğu kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyası keçirilir və bu sessiya çərçivəsində dövlət başçıları, hökumət başçıları imkan tapıb bir-birləri ilə görüşürlər.

Millət vəkili vurğuladı ki, Amerika Prezidenti Donald Trampın İran lideri Məsud Pezeşkian ilə görüşməsi ilə bağlı bəzi mətbuatda, kütləvi informasiya vasitələrində də fikirlər var:

"Sözün açığı, bu görüşün baş tutması ehtimalını aşağı hesab edirəm. Çünki hazırda İran ətrafında, Yaxın Şərqdə, Hörmüz boğazı ətrafında vəziyyət çox gərgin olaraq qalır. Demək olar ki, hər gün Hörmüz boğazında tankerlər vurulur, pilotsuz uçuş aparatları məhv edilir. Belə bir görüşün keçirilməsinin mümkün olmadığını düşünürəm. Belə bir görüş o vaxt baş tutardı ki, həqiqətən də tərəflər arasında hansısa bir müsbət irəliləyiş olardı, hansısa bir de-eskalasiya prosesi başlayardı ki, bu da bu görüşün keçirilməsi ilə bir müsbət töhfəsini vermiş olardı".

Onun sözlərinə görə, bu görüşün keçirilməsi üçün şərait, görüşün keçirilməsinə xidmət edə biləcək vəziyyət mümkün deyil:

"Bu baxımdan, bu görüşün keçirilməsi ehtimalını az hesab edirəm. Həm də nəzərə alsaq ki, İranda Amerika ilə qarşıdurmaya ciddi şəkildə köklənmiş qüvvələr var ki, onlar bu görüşün keçirilməsində nə maraqlı deyillər, nə də bu görüşün keçirilməsinə şərait yaradılmasına imkan da verməzlər. Nyu-Yorkdakı Baş Assambleya BMT-nin illik sessiyasıdır, orada dövlət başçılarının, hətta müharibə gedən vaxtı müharibə edən tərəflərin belə gəlib çıxış etmələri təbiidir. BMT Baş Assambleyasının kürsüsü bütün dövlətlərin, bütün hökumətlərin başçıları üçün nəzərdə tutulur. BMT Baş Assambleyasına getmək, orada çıxış etmək təbiidirsə – ikitərəfli görüşlər isə razılaşdırılmalı, gündəlik müəyyən edilməli və siyasi, hərbi məsələlər və digər kontekstdə məsələlər nəzərə alınmaqla belə görüşlər keçirilir, belə tərəflər razılığa gəlir və s. Ola bilər, o yanaşım edilir ki, bəlkə də ictimai rəy, beynəlxalq ictimai rəy öyrənilir, fikirlər səsləndirilir. Ancaq yenə də belə bir görüşün keçirilməsi ehtimalı azdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən