"Sülh istəyi heç vaxt arxayınlaşmaq demək deyil, ayıq-sayıq olmalıyıq" - Deputatdan vacib AÇIQLAMA
"Ermənistanda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərindən sonra belə geniş kampaniyanın başlanması müəyyən suallar doğurur. Hesab edirəm ki, burada əsas məsələ həmin səfərin özündən daha çox, xarici diplomatların bölgədəki reallıqları yerində görməsidir".
Bu fikirləri Redaktor.az-a danışan deputat Azər Badamov səsləndirdi.
O vurğuladı ki, Azərbaycan suveren dövlətdir və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri öz ərazisinin istənilən hissəsinə dəvət etmək hüququna malikdir:
"Söhbət Azərbaycanın suveren ərazisindən gedir. Biz heç kimi Ermənistan ərazisinə aparmamışıq. Ona görə də belə bir səfərin Ermənistanda bu qədər ciddi narahatlıq yaratması müəyyən suallar doğurur. Digər tərəfdən, Ermənistan 8 avqust 2025-ci ildə paraflanmış sülh sazişinin mətnində Azərbaycanın və Ermənistanın bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməsi ilə bağlı razılaşmanı təsdiqləyib. Belə olan halda, Azərbaycanın öz ərazisində diplomatik korpus üçün təşkil etdiyi səfərə etirazın məntiqini anlamaq çətindir.
Bu səfərin başqa mühüm tərəfi də ondan ibarətdir ki, diplomatlar Qarabağda və Şərqi Zəngəzurda baş verən prosesləri yalnız müxtəlif tərəflərin verdiyi məlumatlardan deyil, öz gözləri ilə görmək imkanı əldə ediblər. Onlar bölgədə dağıdılmış şəhərlərin və kəndlərin, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, yeni infrastrukturun, insanların öz doğma torpaqlarına qayıdışının şahidi olublar. Yəni bundan sonra onların bölgə ilə bağlı təsəvvürləri yalnız hansısa siyasi bəyanatlara deyil, həm də şəxsi müşahidələrinə əsaslanacaq".
Millət vəkili hesab edir ki, Ermənistanda aparılan bu kampaniyanın əsas narahatlıq doğuran tərəfi də məhz budur:
"Çünki beynəlxalq diplomatik korpusun nümayəndələri reallığı yerində görür və gördükləri barədə öz dövlətlərinə məlumat verirlər. Azərbaycan da öz mövqeyini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Bu hadisə, əlbəttə, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müəyyən suallar da yaradır. Biz sülhdən, əməkdaşlıqdan və regionda yeni münasibətlər sisteminin formalaşmasından danışırıq. Amma sülh yalnız bəyanatlarla deyil, konkret addımlar və davranışlarla möhkəmlənməlidir.
Azərbaycan sülh gündəliyinə sadiqdir. Lakin sülh istəyi heç vaxt arxayınlaşmaq demək deyil. Biz həm sülhə və əməkdaşlığa hazır olmalıyıq, həm də dövlətimizin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün daim güclü və ayıq-sayıq olmalıyıq. Ona görə də belə hadisələr bizi sakitləşdirməməlidir. Əksinə, biz baş verən prosesləri diqqətlə izləməli, diplomatik fəaliyyətimizi gücləndirməli, dövlətimizin müdafiə və təhlükəsizlik imkanlarını daim artırmalıyıq. Çünki davamlı sülh yalnız güclü dövlətin və qarşılıqlı öhdəliklərə əməl edən tərəflərin səyləri nəticəsində mümkün olur".
NURİYYƏ













