Pezeşkianın ABŞ-yə səfəri nələr vəd edir? - Keçmiş səfirdən PROQNOZ
Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani Redaktor.az-a açıqlamasında bu səfərlə bağlı fikirlərini bölüşdü. Onun sözlərinə görə, Pezeşkian ABŞ-də çıxış edəcək, görüşlər keçirəcək:
"Digər dövlət başçıları ilə də görüşlərin planlaşdırıldığı bildirilir. Əlbəttə, müəyyən məhdudiyyətlər var. Çünki Amerika çoxlarına viza verməyib. Hətta İran xəbər agentliklərinin nümayəndələrinin təxminən 90 faizinə, eləcə də nümayəndə heyətinin bəzi üzvlərinə viza verilməyib. Buna baxmayaraq, prezident ABŞ-yə gedir. Xarici işlər naziri isə artıq oraya gedib. Mənim fikrim belədir ki, bu, hər bir dövlət başçısı üçün bir fürsətdir. Hər halda, oradakı tribunadan istifadə edərək öz xalqının və ölkəsinin mövqeyini çatdırmaq, müdafiə etmək imkanı var. Eyni zamanda, digər ölkələrin başçıları ilə görüşlər keçirmək, fikir mübadiləsi aparmaq, regional, beynəlxalq və ikitərəfli məsələləri müzakirə etmək mümkündür. Ölkələrin bir-biri ilə münasibətləri fərqlidir. Həmçinin kütləvi informasiya vasitələri ilə məsələlərə aydınlıq gətirmək, öz fikirlərini və ölkələrinin mövqeyini ifadə etmək imkanı yaranır".
Müsahibimizin fikrincə, BMT bir təşkilat kimi öz rolunu heç cür yerinə yetirə bilmir:
"Çünki çoxsaylı müharibələr baş verib, lakin BMT onların qarşısını ala, insanları müdafiə edə bilməyib. Bəzən baş katib və ya digər rəsmilər sadəcə bəyanatlarla çıxış ediblər. İclaslar keçirilib, amma xalqların rifahına töhfə verəcək, təhlükəsizliyə təminat yaradacaq və ya müharibələrin qarşısını alacaq səmərəli bir iş görünmür. Xüsusilə, bilirsiniz ki, hətta baş katibin seçilməsi də Təhlükəsizlik Şurasının əlindədir. Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u namizədə səs verməlidir ki, digər ölkələrin səsləri nəzərə alınsın. Yəni məsələ yalnız Baş Assambleyada səsverməyə çıxarılmaqla həll olunmur. Əvvəlcə həmin 9 ölkənin namizədi təsdiqləməsi lazımdır. Təbii ki, onların beşi veto hüququna malikdir və əsas rol oynayır. Hətta həmin 9 ölkənin səsverməsində də onların mövqeyi mühüm əhəmiyyət daşıyır. Yəni proses onların təsiri altındadır. Düzdür, onların da öz aralarında fikir ayrılıqları var. Amma hər halda, vəziyyət belədir. Onlar həmişə öz maraqlarını qoruyurlar, sonra başqa məsələlər barədə düşünürlər. Biz bunu dəfələrlə görmüşük. Siz görürsünüz ki, Amerika və İsrail İrana təcavüz edib, amma BMT-də bunu heç pisləmədilər. Ən azı, quru bir bəyanat belə vermədilər. Məsələn, İsrail-Fələstin məsələsində nə baş verdi? İsrail Qəzzədə 70 min insanı öldürdü, ərazini yerlə-yeksan etdi. BMT nə edə bildi? Başqa yerlərdə də eyni vəziyyət olub. Hətta Azərbaycan məsələsində də illərlə belə davam etdi. Bəli, dörd qətnamə qəbul edildi, amma icra olunmadı".
Keçmiş səfirin sözlərinə görə, o, səfir olduğu vaxtlarda da dəfələrlə Azərbaycanda deyib ki, Minsk qrupu bu işi heç vaxt həll etməyəcək:
"BMT rəhbərliyi ilə bağlı da fikirlərimi bildirmişəm. O vaxt müsahibələrimdə bunları dəfələrlə demişdim. Həmin dövrdə bu sözləri heç kim demirdi. Qətnamələr illərlə icra olunmurdu. Ona görə də Azərbaycan öz qüvvəsinə, xalqına və ordusuna arxalanaraq torpaqlarını azad etməli idi. Nəhayət, belə də oldu. BMT-nin tərkibi dəyişdirilməlidir. Təsəvvür edin ki, bu gün orada 200-ə yaxın ölkənin nümayəndəsi var, bəlkə də 100-dür, dəqiq bilmirəm. Amma belə bir sual yaranır: bu gün BMT-nin qapısını bağlasalar, nə baş verər? BMT-nin qapısı bağlansa, hansı pis hadisə baş verər? Ölkələr özləri elan etsələr ki, biz oraya getmirik, iştirak etmirik, başqa bir təşkilat yaradılmalıdır, nə olar? Ən azından, müsəlman ölkələri öz aralarında birləşməli, vahid nümayəndələri olmalıdır. Qoşulmama Hərəkatı var, başqa qurumlar da var. Amma bunlar heç bir qərar verə bilmirlər. Çünki güclü deyillər, iqtisadiyyatları zəifdir. Bunların hamısı vaxt itkisidir.
Amma hər halda, bu dəfə də İran nümayəndə heyətinin ora səfəri ilə bağlı müzakirələr başlayıb. Əvvəllər də belə olub. Obama dövründə də, ondan əvvəl də, sonra da İran Prezidentinin görüş keçirə biləcəyi barədə söhbətlər aparılıb. İllərdir bu müzakirələr davam edir. İndi Tramp da deyib: “Mən Pezeşkianla görüşməyə hazıram”. Amma bu da Trampın boş söhbətidir. Görüşmək istəyən tərəf vəziyyəti bu həddə çatdırmaz. Eyni zamanda, deyir ki, görüşmək istəyir. Bəs nə üçün görüşmək istəyirsən? Hər gün hədələyirsən. İndi də deyirsən ki, İranı məhv etmək istəyirsən. Dünən də eyni sözləri deyirdin. Ya İran gəlib mənim dediklərimə razı olsun, kapitulyasiya etsin, təslim olsun istəyir".
Diplomat hesab edir ki, Amerikanın siyasəti ümumiyyətlə dünyaya qarşıdır, öz mənafeləri və maraqları naminə həyata keçirilir:
"Mən səfərdən konkret bir nəticə gözləmirəm. Nəticə etibarilə, orada nəsə əldə olunacağını görmürəm. Əgər bir nəticə olsa, əlbəttə, sevinərik. Amma ümumi atmosferə, indiki vəziyyətə baxanda, regionda Amerikanın mövqeyini, xüsusilə də İrana münasibətini nəzərə alanda, bu, görünmür. Rəsmi şəkildə orada hər kəs yenə öz sözünü deyəcək. Tramp yenə hədələyəcək, İran da öz mövqeyini bildirəcək".
Xədicə BAXIŞLI













