60 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilib - İlham Əliyev
Prezident İlham Əliyevin sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb.
Redaktor.az xəbər verir ki, Prezident bu videoda işğal dövründə Ermənistanın Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv etməsindən bəhs edib.
"Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi.
Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur", - dövlət başçısı xatırladıb.













