Ərdoğan BMT-də nə demək istədi? – General çıxışın DETALLARINI açıqladı

 17:25 23.09.2026     148

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı sadəcə diplomatik nitq deyil, Türkiyənin “ədalət mərkəzli qlobal nizam” iddiasını yenidən ortaya qoyan strateji çərçivədir. Çıxışın əsas xətti budur ki, mövcud beynəlxalq sistem, xüsusilə BMT Təhlükəsizlik Şurası, Qəzza, Ukrayna, Livan, Sudan, İran və digər böhranlarda sülhü qorumaqda yetərsiz qalıb. Ərdoğanın “Dünya beşdən böyükdür” vurğusu artıq yalnız şüar deyil, Türkiyənin qlobal idarəçilik islahatı tələbidir".

Bunu Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.

O qeyd eddi ki, bu çıxış Türkiyəni üç rolda təqdim edir:

"Məzlumların səsi, regional böhranlarda vasitəçi güc və qlobal sistem islahatı istəyən müstəqil aktor. Türkiyə həm NATO üzvü və Qərb sistemi ilə əlaqəli ölkə olaraq qalır, həm də Fələstin, Afrika, Türk dünyası, İslam dünyası və Qlobal Cənubda mənəvi-siyasi liderlik sahəsini genişləndirir. Türk Dövlətləri Təşkilatına edilən vurğu isə Qafqaz və Orta Dəhliz baxımından mühümdür. Türkiyə Qafqazı artıq yalnız təhlükəsizlik sahəsi kimi deyil, enerji, nəqliyyat, ticarət və Türk dünyasının inteqrasiya xətti kimi görür. Bu çərçivədə Azərbaycan-Ermənistan sülhü, Zəngəzur/Orta Dəhliz, Türkiyə-Ermənistan normallaşması və regional nəqliyyat xətləri bir-birindən ayrı məsələlər deyil. Türkiyənin yanaşması belədir: Qafqazda daimi sülh Azərbaycanın təhlükəsizlik həssaslıqları nəzərə alınmadan qurula bilməz".

Generalın sözlərinə görə, çıxışın ən güclü hissəsi Qəzza və Fələstin məsələsidir:

"Ərdoğan Qəzzanı yalnız humanitar böhran kimi deyil, beynəlxalq sistemin mənəvi iflasının testi kimi təqdim etdi. Bu, İsrailə təzyiqin artırılması, iki dövlətli həllin qorunması, Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin tanınması və Qəzzanın yenidən qurulması çağırışı deməkdir. Ərdoğanın çıxışı qlobal sistemin üç böyük böhranına işarə edir: etimad böhranı, təmsilçilik böhranı və ədalət böhranı. Beş daimi üzvün veto hüququna əsaslanan quruluş artıq 190-dan çox ölkənin iradəsini tam təmsil etmir.

Nəticə etibarilə, bu çıxış Türkiyənin yeni dövrdə strateji iddiasını ortaya qoyur: sülh yalnız atəşkəslə deyil, ədalət, təmsilçilik, regional sahiblik, iqtisadi balans, texnologiya ədaləti və açıq diplomatiya ilə qurula bilər. Ərdoğanın BMT kürsüsündən verdiyi mesaj Türkiyənin həm regional güc, həm də qlobal nizam müzakirəsində söz sahibi aktor olmaq iradəsinin güclü ifadəsidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən