Qrenlandiya ilə bağlı razılaşma: Tramp geri addım atdı, yoxsa istədiyini aldı?
ABŞ, Danimarka və Qrenlandiya arasında Qrenlandiyanın təhlükəsizliyinə dair yeni saziş imzalanıb. Razılaşmaya əsasən, ABŞ-nin Qrenlandiyadakı hərbi imkanları genişləndiriləcək və iki yeni hərbi baza yaradılacaq. Danimarka və Qrenlandiya isə bunun suverenliyə və öz müqəddəratını təyinetmə hüququna təsir etmədiyini bildiriblər.
Bu, Trampın artıq Qrenlandiya ilə bağlı iddialarından geri çəkildiyi anlamına gəlir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi ki, Amerika Qrenlandiyanı ilhaq etmir və edə bilmir:
"Eyni zamanda, bu sazişlə Qrenlandiya üzərində Danimarkanın suverenliyini və Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Sadəcə olaraq, özünün hərbi-strateji fəaliyyətini bu ərazidə genişləndirir, eyni zamanda Qrenlandiya üzərindən Arktikaya və Şimali Atlantikaya nəzarət imkanları əldə edir. Yəni bu saziş Avropaya, Qrenlandiyaya və Danimarkaya qarşı deyil, daha çox Arktikada son vaxtlar fəaliyyətini gücləndirən Çin və Rusiyanın fəaliyyətinə qarşı yönəlib deyə bilərik. Ümumiyyətlə, Arktikada son vaxtlar Çinin də fəaliyyəti genişlənib. Arktikanın dəniz yolu kimi və təbii ehtiyatlar baxımından imkanlarının geniş olması Çinin diqqət mərkəzindədir və Çin bu istiqamətdə Rusiya ilə birgə əməkdaşlıq edir. Rusiyanın özünün də Arktikada hərbi mövcudluğu güclüdür. Bildiyim qədər, oradakı ən çox atom buzqıran gəmi Rusiyaya məxsusdur.
İndi artıq bu bölgəyə Qrenlandiya üzərindən Amerikanın və NATO-nun nəzarət imkanları yaranır. Hərbi-strateji güc balansı yaranmasa da, hər halda bölgədə NATO-nun təsirləri genişlənir. Eyni zamanda, Qrenlandiya həm Amerikanın və Şimali Amerikanın, həm də NATO-nun təhlükəsizlik sisteminin bir hissəsinə çevrilir. Hətta bildiyim qədər, saziş müddətsiz bağlanıb və nə vaxtsa Qrenlandiya müstəqil olacaqsa, o yenə NATO-nun üzvü kimi qalmaqda davam edəcək. Burada digər dövlətlərin öz bazalarını yerləşdirməsinə, hərbi mövcudluq yaratmasına icazə verilmir. Söhbət Rusiyadan, Çindən gedir, yəni bunlar ümumiyyətlə qadağan olunur. Hətta Çinin orada gələcəkdə investisiya yatırması imkanları belə məhdudlaşdırılır".

Siyasi şərhçinin sözlərinə görə, Qrenlandiya Şimali Amerika ilə Avropa arasında bir körpüdür, olduqca əhəmiyyətli bir bölgədir:
"Bəli, indi Amerika özünün kosmik qüvvələrinə aid olan bazasını genişləndirəcək və əlavə iki hərbi baza yaradacaq. Yəni Qrenlandiyanın suverenliyini, daha doğrusu, Danimarkanın Qrenlandiyadakı suverenliyini və Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu Amerika tanıyır. Amma özünün orada hərbi mövcudluğunu genişləndirir. Bu, həm Qrenlandiyanın təhlükəsizliyi, həm Avropanın, həm də Amerikanın təhlükəsizliyi üçün əhəmiyyətlidir. Əslində, bu, NATO-nun mövqelərinin bir qədər də güclənməsi mənasına gəlir. Biz vaxtilə qeyd edirdik ki, Finlandiya və İsveç NATO-ya qoşuldu, beləliklə də NATO gücləndi. İndi NATO, əslində, Arktikaya və bu dəniz yollarına nəzarət imkanlarını da gücləndirir.
Burada, ümumiyyətlə, gələcəkdə hava hücumundan müdafiə sistemlərinin qurulması ilə bağlı da, bildiyim qədər, razılaşma var. Amerika özünün hərbi bazalarını qurmaq və hərbi mövcudluğunu genişləndirmək hüququ əldə edib. Yəqin ki, burada başqa hansısa fəaliyyətlər olacaqsa, tərəflərin qarşılıqlı razılığı ilə həyata keçiriləcək. Hər halda, Tramp bu addımları ilə – onun ənənəvi bir yanaşması var – çox istəyir, sonra lazım olanı alır. Yəni bu sazişlərin əldə olunmasında istifadə etdiyi metodu açsaq, Tramp bəlkə də elə bu qədər istəyirdi və bu qədər istədiyinə də nail oldu".
NURİYYƏ













