“Rusiyanın Almaniyaya qarşı müharibə etmək imkanları yoxdur” - Politoloq
"Almaniya Ukraynaya ən çox yardım edən ikinci dövlətdir. Bu yardımların həcmi təqribən 100 milyard avro təşkil edir ki, bunun böyük hissəsi hərbi yardımlardır. Bu gün Ukraynanın ən çox yanında olan dövlət də Almaniyadır. Bu da təbiidir ki, Rusiya hakimiyyətini ciddi şəkildə narahat edir. Onlar bu narahatlıqlarını açıq şəkildə dilə gətirirlər. Bəzi hallarda hətta Almaniyanı hədələməkdən də çəkinmirlər".
Bunu Redaktor.az-a politoloq Abutalıb Səmədov Almaniya ilə Rusiya arasında baş verən gərgin münasibətdən danışarkən bildirdi.
Onun sözlərinə görə, Almaniya ilə Rusiya arasındakı vəziyyətdən danışarkən Rusiyanın real vəziyyəti unudulmamalıdır:
"Rusiyanın iqtisadi imkanları tükənmək üzrədir və hazırda sülhə ən çox meyilli dövrüdür. Çünki başa düşür ki, Ukrayna ilə müharibənin uzanması daha ciddi və çox ağır problemlər yarada bilər. Ancaq hədəf də çox yaxındır. Yəni Rusiya elan etdiyi hədəfə çatmaq üçün Donetsk vilayətinin hardasa 4 min kvadratkilometr hissəsini də ala bilərsə, artıq elan etdiyi hədəfə çatmış olacaq. Bu səbəbdən bəzən danışıqlarda kəskin mövqe tutduğunu nümayiş etdirmək istəyir".
Siyasi şərhçi qeyd etdi ki, reallığı hamı bilir:

"Rusiyanın Ukrayna müharibəsindən sonra hər hansı bir dövlətlə müharibə etməsi qeyri-mümkündür. Bu barədə Avropa kəşfiyyatlarının da kifayət qədər məlumatları var, NATO-da da bu barədə məlumat var. Rusiya özünə gəlmək üçün ən azı 10-15 ilə ehtiyacı var. Digər tərəfdən, NATO ölkəsinə hücum etmək çox təhlükəlidir. Təbiidir ki, indi Prezident Tramp NATO-nu gözdən salıb, ancaq o əbədi deyil və yeni seçiləcək prezident yəqin ki, tamamilə fərqli mövqe tutacaq. Bu səbəbdən Rusiyanın Almaniyaya qarşı müharibə etməsi qeyri-mümkündür. Ancaq dron zərbəsi ola bilər, başqa təxribatlar da ola bilər. Bundan artığına Rusiyanın cəsarət edəcəyini güman etmirəm. Əksər ekspertlər də belə düşünürlər ki, Rusiyanın hər hansı bir böyük dövlətə qarşı müharibə etməyə cəsarəti çatmaz. Almaniyaya qarşı müharibə etmək Rusiyanın imkanları xaricindədir və Rusiya buna cəsarət etməz".
Xədicə BAXIŞLI













