Tramp-Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? - AÇIQLAMA
"Ötən gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşündə əsas məsələ təkcə “Rusiya və Ukrayna arasında sülh olacaqmı?” sualı deyil, müharibənin dayandırılması üçün hansı mərhələli razılaşmaların mümkün olması ilə bağlı danışıqların aparılması olub. Tramp enerji obyektlərinə zərbələrin dayandırılmasını Ukrayna Prezidenti Zelenskidən istəyib. Zelenski bildirib ki, əgər Rusiya Ukraynanın elektrik, istilik və su sistemlərinə hücumları dayandırsa, Ukrayna da Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələri dayandırmağa hazırdır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Çingiz Şahbazi bildirdi.
Onun sözlərinə görə, Zelenski "Patriot" sistemləri və onların Ukraynada istehsalına dəstək məsələsini də yenidən gündəmə gətirib:
"Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi açıqlamasına görə, qış üçün hava hücumundan müdafiə paketi də ABŞ Prezidenti Donald Trampla müzakirə olunub. Ukrayna Prezidenti Volodimir Zelenski Tramp vasitəsilə Moskvanı danışıqlara gətirmək məsələsinə açıq olduğunu bildirib və hətta ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşə də hazır olduğunu deyib. Əslində, ABŞ Prezidenti Donald Trampın “hər iki ölkə başçısı müharibənin bitməsini istəyir” mesajı məhz belə bir görüş üçün siyasi zəmin yaratmaq cəhdi kimi də oxuna bilər. Çünki Tramp Rusiya Prezidenti Vladimir Putinin yenidən görüşə hazır olduğunu düşündüyünü bildirib. Ukrayna ordusu tərəfindən Rusiyanın enerji sektoruna zərbələrin dayandırılmasını tələb edən ABŞ-nin burada, heç şübhəsiz ki, öz maraqlarının olduğu görünür".
.png)
Müsahibimiz vurğuladı ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri Rusiyanın yanacaq istehsalına ciddi təsir göstərib:
"Bu vəziyyət eyni zamanda dünya dizel qiymətlərinə təzyiq yaradır. Yüksək dizel qiymətləri hazırda Tramp administrasiyası üçün ciddi iqtisadi məsələ hesab olunur. Əlbəttə ki, görüşdən sonra hər iki lider arasında ehtiyatlı nikbinliyi hiss etmək olur. Tramp bunların gözləniləndən daha tez baş verə biləcəyini də məhz bu səbəbdən qeyd edib. Əslində isə Trampın hər zamankı kimi mesajları özünü doğrultmaya bilər. Çünki Vaşinqtonun diplomatik səylərinə baxmayaraq, Moskvanın real kompromisə hazır olduğuna dair açıq sübutlar çox deyil. Belə olan vəziyyətdə hesab etmək olar ki, Trampın təqdim etdiyi xətt, yəni “hər iki tərəf müharibədən yorulub və müharibəni bitirmək istəyir”, deməli, razılaşma mümkün olacaq iddiası ilə bir də real xətt var. Yəni istəmək başqa bir şeydir, bu razılığın hansı şərtlər altında baş verəcəyi isə tamamilə fərqli məsələdir. Əlbəttə ki, Tramp iki ölkəni yenidən masa arxasına gətirmək üçün çərçivə hazırlayır. Bu baxımdan da “hər iki lider müharibəni dayandırmaq istəyir” mesajını verməklə hər iki liderdən konkret addım atmalarını gözləyir. Hesab edirəm ki, bunu enerji atəşkəsi kimi kiçik bir razılaşmanın daha geniş danışıqlara çevrilməsi üçün cəhd olaraq qiymətləndirmək də olar".
Aytəkin TOFİQQIZI













