Trampın BMT çıxışında İlham Əliyevin adını çəkməsi nə deməkdir? - Deputatdan AÇIQLAMA
“ABŞ Prezidenti Donald Trampın 22 sentyabr 2026-cı ildə BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə ayrıca toxunması, məncə, bir neçə mühüm məqam baxımından diqqətəlayiqdir. Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun fəaliyyətini yüksək qiymətləndirdiyini və Ermənistanın Baş naziri Nikol Paşinyanın da ABŞ Prezidentinin şəxsi iştirakını proses üçün mühüm hesab etdiyini bildirib”.
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva dedi.
Siyasətçi qeyd etdi ki, bu çıxış bir neçə məqamın göstəricisidir:
“Birincisi, Azərbaycan-Ermənistan normallaşması artıq yalnız regional məsələ kimi təqdim olunmur. Tramp bu prosesi BMT-nin ən yüksək siyasi tribunalarından birində qeyd etməklə Cənubi Qafqazda əldə edilmiş razılaşmanı ABŞ-nin xarici siyasətindəki diplomatik nəticələrdən biri kimi təqdim edib. O, Azərbaycan və Ermənistan məsələsini digər beynəlxalq münaqişələrlə birlikdə sadalayıb.
İkincisi, diqqətçəkən məqam Azərbaycanın dövlət başçısının mövqeyinin məhz Trampın öz çıxışında səsləndirilməsidir. Bu, Azərbaycan Prezidentinin ABŞ-Azərbaycan münasibətlərində və sülh prosesində tutduğu mövqenin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Trampın İlham Əliyevin fikrini sitat gətirməsi iki ölkə prezidentləri arasında dialoqun siyasi əhəmiyyətini də göstərir.
Üçüncüsü, Vaşinqton prosesinin nəticələri artıq yalnız bir görüşlə məhdudlaşmır. 8 avqust 2025-ci il Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin ilkinləşdirilməsi, ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciətin imzalanması və kommunikasiyaların açılması istiqamətində razılaşmalar əldə edilmişdi. 2026-cı ilin avqustunda isə Azərbaycan və ABŞ prezidentləri Vaşinqton razılaşmalarının regionda münaqişəyə son qoyduğunu və sülhü möhkəmləndirdiyini qeyd etmişdilər”.
J.Əliyeva əlavə etdi ki, Azərbaycan baxımından əsas məqama nəzər salaq:
“Burada xüsusilə vurğulanmalı məsələ odur ki, Azərbaycan prosesdə sadəcə danışıqlar aparan tərəf kimi deyil, öz milli maraqlarını və suverenliyini qoruyaraq sülh gündəliyinin formalaşmasında iştirak edən dövlət kimi çıxış edir. Vaşinqtonda əldə olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, regionda kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsi də öz əksini tapıb. Bu baxımdan Trampın BMT-də Azərbaycan məsələsinə toxunması həm də Azərbaycanın son illərdə apardığı diplomatik xəttin beynəlxalq səviyyədə daha çox diqqət çəkdiyini göstərən fakt kimi qiymətləndirilməlidir”.
Xədicə BAXIŞLI













