Zelenski-Putin-Tramp görüşü baş tuta bilərmi? - ŞƏRH
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir. Belə bir görüşün baş tutması müharibənin dayandırılması istiqamətində yeni diplomatik mərhələnin başlanmasına səbəb ola bilər.
Bəs Putin, Tramp və Zelenski arasında üçtərəfli görüşün keçirilməsi nə dərəcədə realdır? Bu görüş müharibənin dayandırılması üçün ciddi nəticə verə bilərmi və Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonunadək başa çatması mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirdi ki, belə bir görüşün keçirilməsi prinsipcə mümkündür. Onun sözlərinə görə, bu ehtimalı artıran bir neçə amil də var:
"Birincisi, Vaşinqton son həftələrdə danışıqlar prosesini yenidən canlandırmağa çalışır. ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın əvvəlində həm Moskva, həm də Kiyevlə danışıqlar aparıblar. Bundan başqa, ABŞ administrasiyasının enerji obyektlərinə hücumların dayandırılması, Qara dəniz taxıl dəhlizinin bərpası və üçtərəfli görüş kimi mərhələləri müzakirə etdiyi bildirilir.
İkincisi, Zelenskinin özü Putinlə birbaşa görüşə hazır olduğunu açıq şəkildə bəyan edib. ABŞ-nin Putini G20-yə dəvət etməsi də liderlərin eyni məkanda olması üçün diplomatik imkan yaradır. Lakin əsas qeyri-müəyyənlik Moskvanın mövqeyidir. Belə ki, Rusiya tərəfi daha əvvəl Zelenskinin belə bir görüş təklifini qəbul etməmiş və Putinlə Zelenskinin görüşünün yalnız Moskvada keçirilməsinin mümkün olduğunu bildirmişdi. Eyni zamanda, Rusiyanın G20-də hansı formatda iştirak edəcəyinə dair yekun qərar da hələ açıqlanmayıb.
Üçtərəfli görüşün qarşısında əsas maneə görüş yerindən daha çox tərəflərin danışıqların məzmunu və mümkün nəticəsi ilə bağlı mövqeləridir. Digər tərəfdən, G20 çərçivəsində görüş baş tutsa belə, onun dərhal sülh sazişi ilə nəticələnəcəyini söyləmək üçün hazırda kifayət qədər əsas yoxdur.
Müharibənin 2026-cı ilin sonuna qədər başa çatmasının mümkünlüyünə gəldikdə isə, bu, indiki şərtlər daxilində olduqca çətin görünür. Hazırda danışıqlar kanalı yenidən aktivləşsə də, əsas məsələlər – ərazi, təhlükəsizlik təminatları, atəşkəs mexanizmləri və müharibədən sonrakı siyasi düzənlə bağlı fundamental fikir ayrılıqları qalmaqda davam edir. Böyük Britaniya İcmalar Palatasının sentyabr hesabatında da qeyd olunur ki, tərəflərin ərazi və gələcək təhlükəsizlik təminatları ilə bağlı “qırmızı xətləri” dəyişmədiyi halda, yeni danışıqlardan ciddi nəticə əldə etmək çətin ola bilər".
Siyasi şərhçi qeyd etdi ki, müharibənin dayandırılması ilə yekun sülh sazişinin əldə olunması eyni proses deyil:
"2026-cı ilin sonuna qədər əvvəlcə enerji obyektlərinə qarşı hücumların dayandırılması, Qara dənizdə məhdud razılaşma, lokal və ya ümumi atəşkəs kimi mərhələli razılaşmaların əldə olunması mümkün ola bilər. Yalnız bu baş verdiyi halda, daha sonra siyasi saziş üçün müəyyən zəmin formalaşa bilər. Hazırda ABŞ də məhz belə mərhələli yanaşmanı irəli sürür.
Bu baxımdan, Mayamidə keçiriləcək G20 görüşünün əsas əhəmiyyəti mütləq şəkildə sülh sazişinin imzalanması deyil, Tramp, Putin və Zelenskini eyni diplomatik çərçivəyə gətirərək danışıqların siyasi səviyyəsini yüksəltməsində ola bilər. Əgər belə görüş baş tutarsa və ilkin konkret razılaşma əldə edilərsə, bu, sonrakı danışıqlar üçün mühüm mərhələ təşkil edə bilər. Lakin hazırkı şərtlər daxilində müharibənin məhz 2026-cı ilin sonunadək tam başa çatacağını söyləmək üçün hələ kifayət qədər əsas yoxdur".
NURİYYƏ













