"Zelenski artıq Putinin gözündə yüksəlməyə başlayıb" - AÇIQLAMA

 14:28 24.09.2026     126

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir. O bildirib ki, belə bir görüş real nəticələrə gətirib çıxara bilər.

Bəs tərəflərin üçlü görüşü mümkündürmü? Görüş olarsa, real nəticələr əldə edilə bilərmi?

Politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, prezidentlərin üçlü görüşü məsələsi daim gündəmdə olsa da, bunun üçün zaman yetişməyib. Onun sözlərinə görə, ilk növbədə, Rusiya Prezidenti Vladimir Putin Ukraynalı həmkarlı Volodimir Zelenski ilə görüşməyi özünə sığışdırmır:

"Onun prezidentlik dövrünün bitdiyini və onun qeyri-legitim prezident olduğunu vurğulayır. Həmçinin görüşün nəticəsi kimi digər tələblərlə yanaşı, Zelenskinin istefaya getməsini və yeni prezident seçkilərinin təyin edilməsini tələb edir. Zelenskiyə qarşı Putinin şəxsi münasibəti də birmənalı deyil. Putin Zelenskini Qərbin dediyi ilə hərəkət edən insan hesab edir. Bu baxımdan onların görüşü uzanır. Amma Zelenski artıq Putinin gözündə yüksəlməyə başlayıb. Buna səbəb Ukraynanın Rusiyaya endirdiyi dron və raket zərbələri nəticəsində Rusiyanın düşdüyü enerji böhranı vəziyyətidir. Putin artıq Zelenskiyə hörmət əlaməti kimi "cənab" deyə müraciət edir".

Siyasi şərhçinin fikirincə, görüşün baş tutması ehtimalı böyükdür:

"Zelenski öz addımları ilə Putinin gözündə onun səviyyəsinə kimi qalxıb. Putin maksimalist tələblərindən geri çəkilərsə və ən azı əldə etdikləri ilə kifayətlənərsə, hesab edirəm ki, real nəticə əldə olunar. Əks halda nəticədən danışmaq əbəs olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən