"Yekun sülh sənədinin imzalanacağını gözləmək tezdir" - Yusif Bağırzadə
"Mayamidə G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsi mümkündür. Liderlərin eyni beynəlxalq platformada bir araya gəlməsi belə bir təmas üçün siyasi və təşkilati imkan yaradır. Üstəlik, ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təşəbbüsləri davam etdirməsi və Zelenskinin belə bir görüşə açıq olduğunu bildirməsi bu ehtimalı tamamilə istisna etməyə imkan vermir. Bununla belə, hazırda görüşün keçirilməsini baş tutmuş razılaşma kimi təqdim etmək üçün hələ ki hər hansı bir əsas yoxdur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə səsləndirdi.
Onun sözlərinə görə, bu məsələdə görüşün harada və nə vaxt keçirilməsindən daha mühüm sual onun hansı gündəliklə təşkil olunacağıdır:
"Çünki üçtərəfli formatın özü hələ tərəflərin mövqelərinin yaxınlaşması anlamına gəlmir. Əksinə, belə bir görüşdə Ukrayna üçün ərazi bütövlüyü və təhlükəsizlik təminatları, Rusiya üçün müharibənin nəticələrinin və gələcək təhlükəsizlik düzəninin öz maraqları baxımından həlli, ABŞ üçün isə müharibənin dayandırılması və daha geniş regional sabitliyin təmin edilməsi əsas məsələlər olaraq qalır. Bu mövqelərin bir görüşdə uzlaşdırılması kifayət qədər mürəkkəb prosesdir.
Bu baxımdan, Mayamidə mümkün görüşə həddindən artıq yüksək gözlənti ilə yanaşmaq düzgün olmaz. Liderlərin bir masa arxasında əyləşməsi mühüm siyasi hadisə ola bilər, lakin bu, özlüyündə sülh sazişinin əldə edilməsi demək deyil".
Siyasi şərhçi vurğuladı ki, əgər üçtərəfli görüş baş tutarsa, onun real əhəmiyyətini ilk növbədə nəticənin miqyası deyil, danışıqlar prosesinə nə qədər yeni impuls verə bilməsi müəyyən edəcək:
"Əgər liderlər ümumi prinsiplər üzrə razılaşa və sonrakı danışıqlar üçün konkret mexanizm formalaşdıra bilsələr, bu, əhəmiyyətli irəliləyiş sayıla bilər. Amma hazırkı mərhələdə görüşdən dərhal sonra müharibənin başa çatacağını və ya yekun sülh sənədinin imzalanacağını gözləmək tezdir".
Aytəkin TOFİQQIZI













