"Böyük müharibələrin baş vermə ehtimalı gündən-günə artır" - Qüdrət Həsənquliyev

 15:59 24.09.2026     149

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumuna müraciətində bildirib ki, qlobal təhlükəsizliyə təhdidlər getdikcə mürəkkəbləşir və onların qarşısının alınması üçün dövlətlər arasında əməkdaşlıq, məlumat mübadiləsi və qarşılıqlı etimad gücləndirilməlidir. Dövlət başçısı xüsusilə terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, kibertəhdidlər və süni intellektin bədniyyətli istifadəsinin yaratdığı risklərə diqqət çəkib. Prezident vurğulayıb ki, təhlükəsizlik yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün ölkələrin ortaq məsuliyyətidir.

Terrorçuluq və kibertəhdidlər fonunda beynəlxalq təhlükəsizlik sistemi yeni çağırışlara nə dərəcədə hazırdır? Ümumiyyətlə, bu prosesə Azərbaycan necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirdi ki, Prezident İlham Əliyev dediklərində tam haqlıdır:

"Hazırda çox təəssüf ki, dünyanın müxtəlif bölgələrində qanlı müharibələr gedir. Dünya parçalanıb və daha böyük müharibələrin baş vermə ehtimalı da gündən-günə artır. Ona görə də belə bir şəraitdə təhlükəsizlik məsələləri ön plana çıxır və çox təəssüf ki, beynəlxalq miqyasda təhlükəsizliyi təmin etmək üçün böyük dövlətlərin, regional güclərin ciddi əməkdaşlığına ehtiyac var. Amma bu müharibələr həmin əməkdaşlığın qarşısını alır. Çünki bu böyük güclər bir-birinə qarşı dayanıb və bir çox hallarda məhz təhlükəsizliyə ən böyük təhdid elə onların özüdür. O baxımdan, hər halda Azərbaycanın da əməkdaşlıq etdiyi təhlükəsizlik sahəsində ölkələr var və biz həmin ölkələrlə, yaxın qonşularımızla çalışmalıyıq ki, regionda sülhü və təhlükəsizliyi təmin edək. Azərbaycan bu istiqamətdə mümkün olan hər şeyi edir.

Həm İranla, həm Türkiyə ilə, həm Rusiya ilə, həm Mərkəzi Asiya respublikaları, o cümlədən Qərbi Avropa ölkələri, Amerika Birləşmiş Ştatları və Çinlə təhlükəsizlik sahəsində yaxından əməkdaşlıq edirik. Bu, təhlükəsizliyin təmin olunması üçün vacibdir. Dediyim kimi, dövlətlərin müvafiq strukturları bu istiqamətdə çalışmalıdır. Bax, xalqlar da bu prosesdə yaxından iştirak etməlidirlər. Xalqların yaxınlaşmasına, iqtisadi sferada inteqrasiyanın genişlənməsinə, inkişaf etməsinə ehtiyac var ki, xalqlar bir-birinə daha çox bağlansınlar. Yəni iqtisadi əməkdaşlıq genişlənəcəksə, humanitar, mədəni və elmi əlaqələr də genişlənəcək".

Millət vəkili qeyd etdi ki, bu, təhlükəsizlik məsələləri ilə bağlı çoxsahəli əməkdaşlıq tələb edir:

"Azərbaycan da, düşünürəm ki, bu istiqamətdə bacardığını edir. Amma dünyada təhlükəsizlik, daha çox, böyük dövlətlərin iradəsindən asılı olan məsələdir. Ümid edək ki, elə bu gün Amerika Birləşmiş Ştatlarında Çin Prezidenti ilə Amerika Prezidenti arasında keçirilən görüşdə dünyanın iki supergücü bir çox məsələlər üzrə öz aralarında razılığa gələ biləcək və beynəlxalq təhlükəsizliyə töhfə verəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən