Ərdoğan-Paşinyan görüşü hansı mesajları verdi? - Türkiyəli ekspertdən ŞƏRH
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda keçirdiyi görüş yalnız Türkiyə-Ermənistan münasibətləri baxımından deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni regional düzən baxımından da diqqətlə qiymətləndirilməlidir. İki ölkə baxımından yanaşdıqda görüşün ən mühüm tərəfi normallaşmanın artıq yalnız diplomatik təmaslar səviyyəsində deyil, ticarət, nəqliyyat, iqtisadi əlaqələr və regional bağlantılar üzərindən konkretləşdirilməyə çalışılmasıdır. Tərəflərin işgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsini və tarixi Ani körpüsünün yenidən bərpasını gündəmə gətirmələri də normallaşmanın simvolik sahələrdən iqtisadi və fiziki bağlantılara keçirilməsinin istənildiyini göstərir".
Bunu Redaktor.az-a beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz bildirdi.
O qeyd etdi ki, Türkiyə-Ermənistan yaxınlaşmasını Azərbaycanla əlaqəsiz proses kimi qiymətləndirmək doğru olmaz:

"Ərdoğanın görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesində atılan qarşılıqlı addımlardan məmnunluğunu xüsusilə vurğulaması Ankaranın İrəvanla münasibətlərini daha geniş Cənubi Qafqaz sülh prosesi ilə birlikdə nəzərdən keçirdiyini göstərir. Azərbaycan baxımından mühüm məqamlardan biri də görüşdə TRIPP layihəsi ilə regional nəqliyyat xətlərinin açılmasının gündəmə gətirilməsidir. Azərbaycanın rəsmi yanaşmasında əsas ərazi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır. Vaşinqton prosesi çərçivəsində inkişaf etdirilən TRIPP də bu bağlantının və daha geniş regional nəqliyyat şəbəkəsinin elementlərindən biri kimi nəzərdən keçirilir. Beləliklə, Ərdoğan-Paşinyan görüşünün strateji əhəmiyyəti yalnız Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılması deyil. Daha geniş perspektivdə Türkiyə-Azərbaycan-Ermənistan xəttinin münaqişə geosiyasətindən nəqliyyat, ticarət və iqtisadi qarşılıqlı asılılıq geosiyasətinə doğru dəyişmə ehtimalı ortaya çıxır. Bu proses irəlilədiyi təqdirdə Cənubi Qafqaz Türkiyə, Azərbaycan, Türküstan/Orta Asiya və Avropa arasındakı şərq-qərb bağlantılarının daha güclü şəkildə kəsişdiyi coğrafiyaya çevrilə bilər. Bu səbəbdən Ərdoğan-Paşinyan görüşünü ikitərəfli normallaşmadan kənarda, Cənubi Qafqazda regional əməkdaşlıq arxitekturasının formalaşdırılmasına yönəlmiş diplomatik prosesin bir hissəsi kimi qiymətləndirmək mümkündür".
Xədicə BAXIŞLI













