Azərbaycan-Ermənistan sülh gündəmi: Deputat 2027-ci il üçün gözləntisini AÇIQLADI

 11:44 25.09.2026     161

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər. Görüşdə iki ölkə arasında sülh prosesində əldə olunan irəliləyiş, iqtisadi və nəqliyyat infrastrukturunun açılması, ticarət və tranzit məsələləri müzakirə olunub. Tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər. 

Görüşdə iqtisadi və nəqliyyat infrastrukturunun açılması ilə bağlı müzakirələrin aparılması nə vəd edir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, regionda sülhə doğru addım-addım yaxınlaşırıq:

"Amma çox təəssüf ki, bəzən sülhü istəməyən qüvvələr sülhün əldə olunması ilə bağlı ictimai rəydə müəyyən pessimizm yaratmağa çalışırlar. Ona görə də mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarında, BMT Baş Assambleyasında təşkil olunmuş görüşlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi tərəflərin sülhə sadiq qalmasının, sülh gündəminə sadiq qalmasının göstəricisi kimi qiymətləndirilməlidir. Birbaşa əlaqələrin davam etdirilməsi ilə bağlı fikir bəyan edilməsi də, məncə, sülhə doğru gedən yolun əsas aparıcı seqmentidir. Çünki biz o vaxta qədər sülh istiqamətində nəyi əldə etmişiksə, ikitərəfli görüşlər sayəsində əldə etmişik".

Millət vəkili düşünür ki, önümüzdəki 2027-ci il kommunikasiyaların açılması ilə bağlı fiziki işlərin başlanılması ili olacaq:

"Ermənistanın baş naziri Nikol Paşinyanın və müavini Mqer Qriqoryanın da açıqlamalarına diqqət etsək, görəcəyik ki, sadəcə gündəmdə olan məsələ TRİPP marşrutu deyil, həm də minaların təmizlənməsi ilə bağlı əməkdaşlığın dərinləşməsi fikrini Paşinyan səsləndirib. Baş nazirin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyası ilə bağlı yaxın vaxtlarda konkret addımların atılacağını, bu prosesin davam etdiriləcəyini bildirib. Beləliklə, biz sülh ətrafında yaradılmağa çalışan xaoslu gündəmi yenidən tərəflərin sülh iradəsi ilə irəliyə doğru aparılması qətiyyətini görmüş olduq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən