“Sözün düzü, biz inanmırdıq ki, belə böyük bir qələbə ola bilər” - Fariz İsmayılzadə
"27 sentyabr tarixi gündür. Çünki Azərbaycan xalqı o qədər bu günü gözlədi, neçə illər, neçə onilliklər gözlədik. Sözün düzü, biz inanmırdıq. İnanmırdıq ki, belə böyük bir qələbə ola bilər".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə dedi. O qeyd etdi ki, ən sevindirici hal, bu qələbənin çox qısa bir müddətdə, yəni cəmi 44 günə əldə olunması idi:
"Prezidentin rəhbərliyi altında ordumuz əraziləri işğaldan azad edirdi. Bu, Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün çox böyük tarixi hadisə idi. Həmin günlərdə, əlbəttə, bütün Azərbaycan vətəndaşlarının daxilində müxtəlif hisslər var idi. Həm böyük bir kədər yaşayırdıq, çünki şəhidlərimiz var idi, hər gün yeni şəhid xəbərləri gəlirdi. Digər tərəfdən isə böyük sevinc hissi keçirirdik, çünki torpaqlarımızın kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad olunurdu. Yəni bütün bu hisslər bizim içimizdə bir-birinə qarışmışdı. Amma bütün bunların fonunda çox sevinirik ki, tarixi ədalət öz üstünlüyünü tutdu. Azərbaycan öz torpaqlarını qaytara bildi. Uzun illər gözlədiyimiz gün gəldi və xalqımız öz torpaqlarının azad olunmasının sevincini yaşadı. Bu baxımdan 27 sentyabr Azərbaycan tarixində həqiqətən də xüsusi və mühüm bir gün olaraq qalacaq".
Xədicə BAXIŞLI













