“İslamofobiya hazırda əsas təhlükələrdən biridir” - Tural Gəncəliyev
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb. Nazir regional hərbi münaqişələrin artması ilə bağlı dərin narahatlığını ifadə edib, müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində diplomatik səylərin gücləndirilməsinə çağırıb. Ceyhun Bayramov Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında diqqət çəkən mövzulardan biri İslamofobiyaya qarşı mübarizədir:
"Təbii ki, Azərbaycan nümayəndə heyəti də, ümumiyyətlə, digər ölkələr də bu mövzunu diqqətdə saxlayırlar. İslamofobiya hazırda ksenofobiya və ümumilikdə insanlara, onların dini inanclarına qarşı əsas təhlükələrdən biri sayılır. Təəssüflər olsun ki, bütün dünyada, Avropada, Qərbdə, Amerikada, elə Şərq dünyasının özündə belə İslamofobiya halları artmaqdadır. Azərbaycan həmişə İslamofobiya ilə mübarizədə, ümumiyyətlə, ksenofobiyanın bütün formaları ilə mübarizədə lider rollarda olmuşdur. Biz istər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, istər sədrlik etdiyimiz və aktiv iştirak etdiyimiz böyük təşkilatlar, institutlar çərçivəsində İslamofobiya ilə mübarizə aparmışıq. İslamofobiyaya qarşı həmişə öncül mübarizədə, ön sıralarda olmuşuq".
Siyasətçi qeyd etdi ki, Yaxın Şərqdə baş verən məsələlərə, xüsusilə Fələstinlə bağlı məsələyə Azərbaycan dövləti həmişə Fələstin dövlətinin yaradılmasına, iki dövlət prinsipinin həyata keçirilməsinə dəstəyini verib və Azərbaycanın bu mövqeyi neçə illərdir dəyişilməz olaraq qalıb.
"Biz beynəlxalq hüquq çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu münaqişənin də həll edilməsinin tərəfdarı olmuşuq. Ona görə də Azərbaycanın birmənalı şəkildə əvvəlcədən məlum olan mövqeyi, ümumiyyətlə, dəyişilməz və güclü mövqeyi bütün tərəfdaşlarda rəğbət doğurur və hörmət qazanıb. Beləliklə də, bizim ölkəyə bu münasibət və bu mövzularda ölkəmizdən dəstək xahiş edilməsi, töhfə verilməsi istiqamətində istər beynəlxalq təşkilatlarda, istərsə də ikitərəfli münasibətlərdə ölkəmizə lider ölkə kimi baxıblar", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI













