"Azərbaycan vətəndaşları Ermənistana sərbəst gedib-gələ biləcəklər" - Aydın Mirzəzadə
"Azərbaycan Ermənistana normal qonşuluq qurmağı və bunu daha da möhkəmləndirməyi təklif edir. Bunun üçün real addımlar atıb. Sülh müqaviləsi paraflanıb. Ermənistana gedən yüklər Azərbaycandan keçir, bu isə Ermənistanın bir sıra problemlərinin həllinə kömək edir. Humanitar əlaqələr yaranıb, hətta parlament və işgüzar əlaqələrin qurulması ilə bağlı da razılıqlar alınıb".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.
Onun sözlərinə görə, iki qonşu dövlət arasında hansı münasibətlər qurmaq mümkündürsə, Azərbaycan bunların hamısını etməyə hazırdır:
"Ancaq bir məsələ qalır, Ermənistanın konstitusiyasından Azərbaycana ərazi iddiası müddəasının çıxarılması. Bu, qonşu ölkənin müstəqilliyini, ərazi bütövlüyünü şübhə altına almaqdır. Dünya birliyində, beynəlxalq hüquqda bu yol verilməzdir və bizim Ermənistandan gözləntimiz budur. Nə vaxt bunu edəcəklərsə, bizim əlaqələrimiz daha geniş olacaq, sərhədlər açılacaq, Ermənistan yükləri, o cümlədən insanlar Azərbaycan ərazisindən keçməklə digər ölkələrə gedəcəklər. Azərbaycana sərbəst surətdə gələcəklər, eyni zamanda Azərbaycan vətəndaşları da Ermənistana sərbəst gedib-gələ biləcəklər. İqtisadi əlaqələr də, əlbəttə ki, normal münasibətlərin əsasını təşkil edən əsas faktorlardan biridir. Vaxtaşırı görüşlərin keçirilməsini müsbət qəbul edirəm, bu həm dövlət başçıları, həm də xarici işlər naziri səviyyəsində olur, gələcəkdə digər struktur rəhbərlərinin də belə görüşlərinin keçirilməsi tamamilə mümkündür".
Aytəkin TOFİQQIZI













