Ceyhun Bayramov Fələstinlə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu - ŞƏRH
"Bu yaxınlarda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən dünyada müsəlmanlara qarşı təzyiqlərin, basqıların olduğunu vurğuladı. Prezident bundan başqa, müsəlman ölkələrini də birlik və həmrəyliyə çağırdı. Qeyd olundu ki, Qafqaz xalqları və müsəlman dövlətləri bir yerdə, birlikdə olsa, bunlara kimsə basqı edə bilməz. Yəni bu, Prezidentin dünya müsəlmanlarını birliyə, həmrəyliyə, həssaslığa çağırışı idi. Bu, həm də müsəlman dünyasının qlobal miqyasda gücünü göstərmək idi".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi.
O qeyd etdi ki, Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsindəki çıxışında münaqişələr, müsəlman icmalarının hədəfə alınması, müsəlmanların hədəfə alınması, dünyada, yəni müsəlman ölkəsi olmayan dövlətlərin ərazisində İslam dininə inanan insanlara edilən təzyiqlər çatdırılır:
"Beynəlxalq ictimaiyyətə Avropa ölkələrində məscidlərə edilən basqılar, İslam dininə inanan insanlara qarşı ayrı-seçkilik münasibətləri, beynəlxalq münasibətlərdə dövlətlərə münasibətdə İslamofob addımlar çatdırılır. Məsələn, Fransa kimi Avropanın aparıcı ölkələrindən birində beynəlxalq məsələlərdə İslamofobik yanaşmalar özünü göstərir və bu da Ceyhun Bayramovun çıxışında öz əksini tapır".

S.Soltanın fikrincə, Fələstin məsələsində Ceyhun Bayramov həm də dünyanın düyün nöqtəsinin İslam ərazisində yerləşməsini çıxışı ilə göstərməyə çalışır.
"Fələstin dövlətçiliyini dəstəkləməklə, Fələstin dövlətinin müstəqilliyini dəstəkləməklə və onu tanımaqla Azərbaycan dünyaya həm millətlərin öz müqəddəratını təyin etmək hüququnun tanınmasını, həm regionda, xüsusən İsrail-Fələstin münaqişəsinin həlli yolunu, həm də Azərbaycanın bir müsəlman dövləti olaraq Fələstini tanımasını təsdiqləyir. Nazir həm də Azərbaycanın regional münaqişələrə münasibətini göstərir. Regional münasibətlərdə münaqişənin həlli yolunu ortaya qoyur. Çünki Fələstin-İsrail münaqişəsinin həllində dünyanın bir çox böyük ölkələri, o cümlədən Böyük Britaniya, Fransa və Türkiyə iki dövlət, iki millət prinsipini əsas götürür. Azərbaycan da müstəqilliyini bərpa etdiyi gündən Fələstinin müstəqilliyini tanımaqla bu prinsipə sadiq qaldığını nümayiş etdirir. Ona görə də Ceyhun Bayramov da məlum çıxışında Fələstinin dövlətçiliyini dəstəkləməklə həm İsrailə xoşməramlı bir ismarış göndərir, həm də Fələstinin gələcəyinə nikbinliklə yanaşdıqlarını nümayiş etdirir", - deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI













