ABŞ-nin İrana zərbə üçün istifadə etdiyi Britaniya aviabazasında araşdırma aparılır
Böyük Britaniya polisi ABŞ-nin İrana zərbələr endirmək üçün istifadə etdiyi “RAF Fairford” aviabazasında partlayıcılarla bağlı araşdırma aparır.
Redaktor.az xəbər verir ki, bu u barədə "Reuters" məlumat yayıb.
Britaniya polisi bazar günü ABŞ-nin İran hədəflərinə zərbələr endirmək üçün istifadə etdiyi aviabazanın yaxınlığında bir neçə nəfəri partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə şübhəli bilinərək saxlayıb. Orduya məxsus bomba zərərsizləşdirmə üzrə mütəxəssislər nəqliyyat vasitələrini araşdırıb və yaşayış evlərindən təxliyə həyata keçirilib.
Britaniya hökuməti Baş nazir Endi Börnhəmin hadisə ilə bağlı məlumatlandırıldığını bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu iyul ayında xəbərdarlıq edib ki, zərbələrdə istifadə olunan istənilən baza qanuni hədəf olacaq.
Reuters-in hadisə yerində olan şahidinin sözlərinə görə, silahlı polis əməkdaşları aviabazanın əsas girişinə gedən yolu bağlayıb, giriş məntəqələrinin qarşısında isə texnika yerləşdirilib. Yaxınlıqdakı kəndin sakinləri səhər tezdən yuxudan oyadılıb və evlərini tərk etmələri tələb olunub.
Aviabazanın yaxınlığındakı Fairford kəndində polis avtomobilləri, təcili yardım maşınları və yanğınsöndürən avtomobillər də daxil olmaqla, təxminən 30 fövqəladə xidmət nəqliyyat vasitəsi saxlanılıb. Ərazinin üzərində isə helikopter uçub.
Polis insidentin artıq nəzarət altına alındığını açıqlayıb.
Britaniya hökumətindən araşdırmalar davam etdiyi müddətdə hadisə ilə bağlı şərh verməyin düzgün olmayacağı bildirilib.













