Meloni İlham Əliyevə təşəkkür ETDİ
İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti “Italiana Petroli”nin (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymətlərinin artımının qarşısını almaq üçün qiymət həddi tətbiq etmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni “X” sosial şəbəkəsində məlumat verib.
“Eni”dən sonra IP də ölkə üzrə yanacağın qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib. Bu, italyan ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir”, – deyə o bildirib.
İtaliyanın Baş naziri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Meloni qeyd edib ki, İtaliya hökuməti xüsusilə mövcud mürəkkəb beynəlxalq şəraitdə ailələrə dəstək göstərmək və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.













