“Azərbaycanı nəzərə almadan böyük layihələr həyata keçirilmir” - Tural Gəncəliyev

 14:32 28.09.2026     135

Azərbaycan Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib ki, Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir.

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda daha bir mötəbər tədbir – Bakı IV Təhlükəsizlik Forumu keçirilib:

"Bu forumda cənab prezident İlham Əliyevin iştirakçılara müraciəti ünvanlanıb. Bu çox önəmli bir müraciətdir. Azərbaycan son zamanlar müxtəlif mövzularda, siyasi, geosiyasi, iqtisadi, rəqəmsal, kiber təhlükəsizlik və yaxud da ki, digər mövzularda beynəlxalq forumların keçirildiyi məkana çevrilib.

Cənab prezidentin forum iştirakçılarına ünvanladığı mətndən gördüyümüz kimi, Azərbaycan bu gün beynəlxalq təhlükəsizlik məsələlərində önəmli rol oynayır,  töhfə verir. Bu gün biz, xüsusilə də müharibədə qalib gəldikdən sonra, Cənubi Qafqazı həqiqətən də elə bir platformaya çevirmişik ki, təhlükəsizlik istiqamətində əməkdaşlıq üçün yeni fürsətlər, imkanlar açılıb. Bu gün siyasi, hərbi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi kimi mühüm aspektlərlə yanaşı, həmçinin kiber təhlükəsizliyi, rəqəmsal, informasiya təhlükəsizliyi kimi məsələlər önəmli şəkildə müzakirə olunur. Azərbaycan bütün bu məsələlərdə ön rolda gəlir".

Onun sözlərinə görə, post-münaqişə dövrünə biz nəzər salsaq, görürük ki, siyasi-iqtisadi təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi məsələləri Azərbaycanı beynəlxalq tərəfdaşlarımız üçün, müxtəlif güc mərkəzləri üçün önəmli aktora, önəmli ölkəyə çevirib:

"Bu gün böyük güc mərkəzləri, böyük ölkələr məhz öz layihələrini, öz siyasi planlarını Azərbaycanın iştirakı olmadan etmirlər. Böyük layihələr, böyük kommunikasiya xətləri məhz ölkəmizin iştirakı, istəyi, arzusu nəzərə alınaraq həyata keçirilir.

Hal-hazırkı dövrdə təhlükəsizlik məsələləri, xüsusilə də enerji təhlükəsizliyi, siyasi-hərbi təhlükəsizliklə yanaşı, rəqəmsal, kiber təhlükəsizlik və digər təhlükəsizlik mövzusu ölkələrin sərhədləri ilə məhdudlaşmır. Əgər bir ölkədə, bir coğrafiyada hansısa bir problem varsa, o dərhal başqa ölkələrə, qonşu ölkələrə sıçraya bilir. Hansısa bir ölkədə, hansısa bir regionda qeyri-stabil vəziyyət, xaos varsa, o qonşu coğrafiyalara təhdid yaradır. Biz unikal bir coğrafiyada yerləşirik. Baxmayaraq ki, şimalımızda böyük müharibə gedir – Rusiya-Ukrayna arasında, dolayısı yolla Rusiya-NATO, Rusiya-Avropa arasında. Yaxud da ki, İranla ABŞ, İsrail arasında müharibə gedir, eskalasiya günü-gündən artır. Ancaq bizim həqiqətən də Cənubi Qafqaz önəmli bir təhlükəsizlik adası kimi, stabil bir təhlükəsizlik məkanı kimi artıq, stabillik adası kimi nəzərdən keçirilir.

Beynəlxalq Təhlükəsizlik Forumunun iştirakçıları arasında həm də xüsusi xidmət orqanları, təhlükəsizlik orqanlarının əməkdaşları Azərbaycana yığılıb. Ölkəmizin yaratdığı yeni bir orta güc dövləti kimi Azərbaycanda keçirilən bu tədbirlərin önəmi ondan ibarətdir ki, ümumiyyətlə, böyük bölgəmiz, regional situasiya, böyük Qafqazlar, Xəzər dənizi, böyük Avrasiya regionunun yaxın gələcəkdə üzləşəcəyi təhdidlər, problemlərin həll yolları, təhlükəsizlik-kəşfiyyat xidmət orqanları arasında informasiya mübadiləsi, əməkdaşlıq məsələləri hamısı kompleks şəkildə nəzərdən keçirilir, əməkdaşlıq üçün imkanlar açılır.

Azərbaycanın həm də önəmi ondan ibarətdir ki, müxtəlif güc mərkəzləri arasında konfrontasiya edən ölkələr arasında yeganə etibarlı tərəfdaş-partnyor Azərbaycan çıxış edir. Məsəl üçün, böyük müharibə iştirakçılarına baxsaq, istər Yaxın Şərqdə – Amerika, İran, İsrail, Yaxın Körfəz ölkələri. İstər Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiya, ABŞ, Avropa İttifaqı, NATO-nun Avropa üzvləri, yəni bunlar hamısı Azərbaycana, ölkəmizə çox önəm verirlər, çox xüsusi rəğbətlə yanaşırlar. Çünki Azərbaycan bütün bu güc mərkəzləri ilə çox önəmli əməkdaşlıq qurub, çox önəmli körpü kimi, bağlayıcı halqa rolunu oynaya bilir. Çünki bizim həyata keçirdiyimiz siyasət bizə imkan verir ki, konstruktiv siyasətimizi bütün tərəfdaşlar qəbul edirlər".

Millət vəkili vurğuladı ki,  belə bir forumun bir daha keçirilməsini təqdirəlayiq hesab etmək olar.

"Azərbaycan siyasi, diplomatik, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və digər mövzularda təhlükəsizlik, xüsusi xidmət orqanları, kəşfiyyat orqanlarının əməkdaşlıq edəcəyi, fikir mübadiləsi aparacağı və təkcə burada xüsusi xidmət orqanları deyil, ümumiyyətlə, təhlükəsizlik böyük anlamda, qlobal anlamda tematikasında, mövzusunda əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bir məkana çevrilmişdir ki, biz IV Bakıda keçirilən forumdan da bunu sezirik", - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən