“Ermənistan artıq bir siyasi iradədən asılı olmaq istəmir” - Paşinyanın çıxışına ŞƏRH

 18:58 28.09.2026     121

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, ötən dövrdə iki ölkə arasındakı əlaqələrə təsir edən əsas amillərdən biri Azərbaycan-Ermənistan münaqişəsi olub. Paşinyan Azərbaycanla sülh əldə edildikdən sonra Ermənistan-Rusiya münasibətlərində də dəyişikliklərin baş verməsinin təbii olduğunu vurğulayıb.

Paşinyanın bu açıqlaması hansı mesajları verir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Mirinin sözlərinə görə, Nikol Paşinyan demək istəyir ki, əvvəlki Rusiya-Ermənistan münasibətləri bir imperiya ilə onun müstəmləkəsi arasında olan münasibətlər sistemi idi:

"Ancaq indi Ermənistan artıq müstəqil dövlətdir və tədricən öz suverenliyini təsdiq edir. Bu baxımdan, Rusiyanın əlində olan Qarabağ müharibəsi təzyiq mexanizmi artıq sona çatıb. Çünki bu mexanizm həm Azərbaycan, həm də Ermənistan üzərində ciddi təsir vasitəsi idi. Bundan başqa, Ermənistan-Azərbaycan arasında de-fakto sülh bərqərar olunub. Sülh bərqərar olduğu üçün Ermənistan artıq Azərbaycanla düşmənçilik deyil, yaxın qonşuluq prinsipləri, birgəyaşayış çərçivəsində münasibətlər qurur. Nəqliyyat kommunikasiyaları açılır, ticarət tədricən inkişaf edir. O cümlədən, bu günə kimi Türkiyə bir düşmən obrazında görünərkən, artıq Ermənistan Türkiyə ilə də normal münasibətlər qurmağa çalışır, sərhədləri açmağa və Avropaya çıxışı təmin etməyə çalışır".

Bu səfər regional, qlobal güclərə verilən mesajdır' - Natiq Miri |  Qaynarinfo.az

Siyasətçi qeyd etdi ki, bütün bunlar xarici siyasətdən tutmuş iqtisadi-ticarət və digər məsələlərə qədər şaxələndirmə siyasətidir:

"Bunun əsas hədəfi və məqsədi Ermənistanın bir siyasi iradədən asılılığını tamamilə bitirməkdir. Çünki Ermənistan Qarabağ müharibəsinin mövcud olduğu illərə qədər Rusiyada bir barmaq işarəsindən asılı vəziyyətdə olub. Ermənistanın bütün strateji sahələri enerjidən tutmuş dəmir yoluna qədər  Köçaryanın dövründə Rusiyaya təhvil verilib. Tədricən təhvil verilən bu mövqelərin geriyə Ermənistana qaytarılması prosesi gedir. Nikol Paşinyan da açıq şəkildə bəyan edir ki, artıq Ermənistan bütün sahələr üzrə şaxələndirmə siyasətinə üstünlük verəcək və bu siyasətdən geriyə dönüş mümkün deyil. Bu da o deməkdir ki, artıq yeni bir status-kvo, yeni bir mühit yaranıb. Belə bir vəziyyətdə Rusiya-Ermənistan arasında münasibətlər sistemi mahiyyət etibarilə dəyişməlidir, yəni transformasiya olunmalıdır".

Həmsöhbətimiz əlavə etdi ki, Nikol Paşinyanın Rusiyaya səfərində bu məsələlər ciddi müzakirə predmeti olacaq:

"Yəni Ermənistan rəhbərliyi təklif edir ki, Rusiya-Ermənistan münasibətləri ciddi inventarizasiya çərçivəsində nəzərdən keçirilsin, ayırıcı və birləşdirici nöqtələr müəyyən olunsun. Ayırıcı nöqtələri uzlaşma nöqtəsinə gətirəcək hansı məqamlar varsa, bu məsələlər razılaşdırılsın, mümkün olmayan məsələlər isə iki suveren dövlətin maraqları çərçivəsində dostcasına həll olunsun. Buna görə də bundan geriyə dönüşü kimsə gözləməsin və Rusiya bundan artığını da əldə edə bilməyəcək. Çünki Rusiya istəyərdi ki, əvvəllər olduğu kimi, yenə də Ermənistan yalnız Kremlin siyasi iradəsindən asılı vəziyyətdə olsun. Ancaq Paşinyanın bəyan etdiyi kimi, artıq zaman dəyişib, gerçəklər dəyişib, yeni status-kvo mövcuddur, regionda Azərbaycan-Ermənistan münaqişəsi bitib. Buna görə də indiki vəziyyətdə Ermənistanın hətta Rusiyanın təhlükəsizlik çətirinə belə ehtiyacı yoxdur. Demək ki, münasibətlər sistemi mütləq mənada ciddi transformasiyaya məruz qalmalıdır".

Müsahibimizin fikrincə, Moskvada əsas müzakirə olunacaq məsələlər də məhz bundan ibarət olacaq:

"Təbii ki, bunun içərisində Rusiyanın, Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi və bununla bağlı təcili qaydada referendum keçirilməsi tələbi də var. Bu məsələlər də müzakirə olunacaq və məsələyə aydınlıq gətiriləcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən