"İran Azərbaycana ehtiyacı olanda yaxşı qonşu olur" - Hikmət Babaoğlu
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib ki, Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur. O, iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan və İran arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş əlaqələr mövcuddur və onların daha da möhkəmləndirilməsi üçün birgə səylər tələb olunur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və İran arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün çox böyük perspektivlər var:
"Bu perspektivlərin böyük bir hissəsi tarixi, coğrafi perspektivlərdir və daha yeni seqmentləri isə Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində formalaşan tamamilə yeni perspektivlərdir. Düşünürəm ki, İran prezidenti, çox hörmətli cənab Məsud Pezeşkian bütün bunları nəzərdə tutaraq İran-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndirib. Çünki nəzərdə tutulan addımlar atılarsa, İran-Azərbaycan münasibətləri bu günə qədər, son 35 ildə görünməmiş tamamilə yeni bir tarixi mərhələyə qədəm qoya bilər. Bunun üçün, mənə elə gəlir ki, hər cür fürsət var və bu tarixi fürsəti cənab Pezeşkian da, belə görünür ki, qiymətləndirən, qiymətləndirməyi bacaran, qətiyyətli, uzaqgörən siyasi liderdir. Şübhəsiz ki, Azərbaycan daima İranla münasibətlərin yaxşı olmasında çox maraqlı olub. Azərbaycan prezidenti İrana, İranla münasibətlərə həmişə xüsusi əhəmiyyət verib və mən düşünürəm ki, keçmişdə olanlar keçmişdə qalmaqla İran-Azərbaycan münasibətlərinin yeni səhifəsini açmaq olar. Ancaq bir şərtlə ki, İranın bu gün Azərbaycana ehtiyacı var bunu edir, sabah ehtiyacı olmayan da yenidən əvvəlki siyasətinə qayıtmasın. Bax belə olarsa, məncə, həm logistika, həm də kommunikasiya sahəsində mühüm əməkdaşlıq imkanları var. Bu kommunikasiyaların və logistikanın, bağlantı layihələrinin böyük bir qismini Azərbaycanın yaratdığı yeni reallıqlardır və İranın bu gün indiki vəziyyətdə xüsusən cənub marşrutlarına çıxmaq imkanı məhdudlaşdırıldığı bir vaxtda bu imkanlardan istifadə edə bilər".
Onun sözlərinə görə, Xəzər akvatoriyasında əməkdaşlıq ayrıca bir istiqamətdir:
"Mənə elə gəlir ki, bu da mühüm istiqamətlərdən biridir. Üçüncüsü, enerji sahəsində qaz, neft və digər qazıma, enerji sahələrində mühüm əməkdaşlıq perspektivləri var. Onların çox böyük potensialı var. Bu münasibətlər sadəcə ikitərəfli yox, həm də Azərbaycan-İran əməkdaşlığı kontekstində üçüncü, dördüncü tərəflər üçün də çox maraqlı layihələrə çevrilə bilər. Ona görə də mən düşünürəm ki, bütün bu layihələr üzərində, bütün bu deyilən sözləri real müqavilələrə və layihələrə çevirməklə İran-Azərbaycan münasibətlərini nəhayət bərabərhüquqlu platformada institusionalaşdırmaq olar. Amma dəfələrlə deyirəm, İranın Azərbaycan siyasəti sabit deyil, dəyişkəndir. İran Azərbaycana ehtiyacı olanda yaxşı qonşu olur, Azərbaycana ehtiyacı olmadıqda isə Azərbaycana başqa gözlə baxır. Məncə, İran xarici siyasəti bu ənənəyə də son verməlidir".
Aytəkin TOFİQQIZI













