“Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz heç zaman unudulmayacaq” - Spiker
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında 27 sentyabr – Anım Günü ilə bağlı çıxış edib.
Redaktor.az-ın məlumatına görə, o qeyd edib ki, 27 sentyabr xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır:
“Altı il bundan əvvəl həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açmışdır”.
Milli Məclisin sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərin əksər hissəsinin Ermənistanın 30 illik işğalından azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasına şərait yaradıb.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb:
“Dövlətimizin suverenliyi tam bərpa olunmuş, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilmişdir”.
Sahibə Qafarova bu tarixi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini əks etdirdiyini bildirib.
“Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”, – deyə spiker qeyd edib.
O əlavə edib ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərin xatirəsi unudulmur və heç zaman da unudulmayacaq.
Milli Məclisin sədri bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq 6 ildir Azərbaycanda Anım Günü qeyd edilir.
“Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər”, – deyə Sahibə Qafarova bildirib.
O qeyd edib ki, həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər Parkında olublar, ölkənin şəhər və rayonlarında anım tədbirləri keçirilib.
Sahibə Qafarovanın sözlərinə görə, Anım Gününün dərin ümummilli əhəmiyyəti var:
“Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir”.
NURİYYƏ













